Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Minsk Qrupu münaqişəni həll etmək üçün yaradılmamışdı” – Paşinyanın mesajının arxasında nə dayanır?
“Minsk Qrupu münaqişəni həll etmək üçün yaradılmamışdı” – Paşinyanın mesajının arxasında nə dayanır?

ATƏT-in Minsk Qrupu ona görə yaranmışdı ki, bu ölkələr (Fransa, Rusiya və ABŞ) Qarabağ münaqişəsinin həllinə imkan verməsinlər. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. O bildirib ki, həll edilməyən münaqişə müxtəlif dövrlərdə həmin ölkələrin maraqlarına xidmət edib.

  • Bu açıqlama böyük güclərin vasitəçilik etdiyi münaqişələrdə “neytral arbitr” anlayışına olan etimadı zəiflədə bilərmi?
  • Bu iddia Ermənistanın gələcək diplomatik kursunda Qərb və Rusiya arasında balans siyasətinə necə təsir göstərə bilər?

Politoloq Yusif Bağırzadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Paşinyanın ATƏT Minsk Qrupu ilə bağlı dedikləri həqiqətdir və bu mövqe uzun illər ərzində rəsmi Bakı tərəfindən dəfələrlə ən yüksək səviyyədə bəyan edilib.

Həqiqətən də ATƏT Minsk Qrupu kimi vasitəçilik mexanizmləri beynəlxalq münasibətlərdə “neytral arbitr” funksiyası daşımaq üçün yaradılır.

Lakin təəssüf ki, bu tip formatların effektivliyi həmişə böyük güclərin maraq balansından asılı olur. ABŞ, Fransa və Rusiya timsalında da biz bunu 30 ilə yaxın dövr ərzində gördük.

Politoloqun fikrincə, Paşinyanın bu tip açıqlamaları klassik vasitəçilik institutlarına olan etimadı qismən sarsıda bilər: “Minsk Qrupunun problemin həllinə deyil, uzanmasına xidmət edən struktur kimi təqdim edilməsi gələcəkdə beynəlxalq vasitəçilərə qarşı daha praqmatik və skeptik yanaşmanın güclənməsinə səbəb ola bilər. Lakin eyni zamanda bu, tamamilə yeni vasitəçilik formatlarına ehtiyacı da gündəmə gətirir. Yəni başqa sözlə tənqid həm dağıdıcı, həm də transformativ effekt yarada bilər”.

Ermənistanın xarici siyasət kursuna gəldikdə isə, Yusif Bağırzadə bildirib ki, bu cür bəyanatlar faktiki olaraq balans siyasətinin yenidən interpretasiyasına işarə edir. Ermənistan uzun illər Rusiya ilə təhlükəsizlik asılılığı və Qərblə siyasi yaxınlaşma arasında ikili balans saxlayırdı. İndi isə Minsk Qrupuna yönəlmiş tənqidlər dolayısıyla göstərir ki, İrəvan klassik üçtərəfli, yəni Rusiya–ABŞ–Fransa formatından kənarda da hansısa modellər axtarışındadır. Bu yanaşma gələcəkdə Qərblə normativ yaxınlaşmanı artırsa da, Rusiya ilə münasibətlərdə daha çox gərginlik yarada bilər.

Seçki kontekstinə gəldikdə isə, politoloq deyir ki, bu cür açıqlamalar daxili auditoriyaya hesablanmış siyasi mesaj funksiyası daşıyır. Nikol Paşinyan üçün əsas məqsəd özünü sülh prosesini idarə edən lider kimi təqdim etməkdir.

“Seçki ərəfəsində belə ritorikadan istifadə ictimaiyyətə konkret mesaj verilməsini ehtiva edir. Yəni sülh prosesinin abstrakt beynəlxalq mexanizmlərdən yox, konkret siyasi iradədən asılılığı qabardılır və sülh istəyən tərəf olaraq da Paşinyan və komandası ön plana çıxır. Prinsipcə isə hakimiyyətə hətta revanşistlərin belə gəlişi nəyisə dəyişmək gücündə deyil. Sadəcə referendum keçirilməsi və ya sülh sazişinin imzalanması gecikə bilər. Yeni hakimiyyətin yenidən hansısa hərbi alətlərdən istifadəsi və yeni müharibə isə mümkün olmayan şeydir. Bunu Ermənistanda hər kəs, hətta qatı millətçi-revanşist dairələr də kifayət qədər yaxşı bilir”, – deyən Yusif Bağırzadə bildirib ki, Paşinyanın həm beynəlxalq vasitəçilik modelinə tənqidi yanaşması, həm də əks düşərgədə olanları müharibə tərəfdarları olaraq göstərməsi daxili siyasi legitimliyin gücləndirilməsi üçün seçkiöncəsi strateji mesaj kimi qiymətləndirilə bilər.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »