Ermənistanda keçiriləcək parlament seçkiləri öncəsi genişmiqyaslı seçki rüşvəti qalmaqalı ortaya çıxıb.
Bizimyol.info xəbər verir ki, Ermənistan İstintaq Komitəsinin yaydığı məlumata görə, aparılan istintaq və axtarış tədbirləri nəticəsində 100-dən çox seçki rüşvəti verilməsi və alınması faktı müəyyən edilib.
İş Ermənistanın Xüsusilə Vacib İşlər üzrə Baş İstintaq İdarəsi və Seçki Cinayətlərinin Araşdırılması Şöbəsi tərəfindən araşdırılır.
İstintaq materiallarına əsasən, “Güclü Ermənistan” partiyasından deputatlığa namizəd olan A.E. bir qrup şəxslə əlbir olaraq Artaşat icmasında yaşayan 100-dən çox seçiciyə pul müqabilində səs verməyi təklif edib.
Məlumata görə, seçicilərə 100 min dramdan (təxminən 460-manat) 500 min drama qədər məbləğdə pul vəd olunub və ya verilib. Əvəzində isə onların 7 iyun 2026-cı ildə keçiriləcək Ermənistan parlament seçkilərində “Güclü Ermənistan” blokuna səs verməsi tələb olunub.
İstintaq bildirir ki, bəzi hallarda seçicilər də əvvəlcədən razılaşaraq qrup şəklində seçki rüşvəti alıblar.
Məsələ ilə bağlı Ermənistan Daxili İşlər Nazirliyinin polis əməkdaşları tərəfindən 40-dan çox şəxs saxlanılaraq istintaq orqanına gətirilib. Onlar seçki rüşvəti almaqda şübhəli bilinirlər.
Hazırda hüquq-mühafizə orqanları digər rüşvət alan şəxslərin müəyyən olunması istiqamətində əməliyyat-istintaq tədbirlərini davam etdirir.
Ermənistan İstintaq Komitəsi vurğulayıb ki, cinayət işi üzrə araşdırma davam edir və əlavə saxlanılanların olması mümkündür. Qurum həmçinin xatırladıb ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan heç bir şəxs təqsirli hesab edilə bilməz.
Bizimyol.info






