Süni intellekt (Sİ) texnologiyalarının sürətlə inkişafı artıq yalnız texnologiya və iş dünyasını deyil, insanların gündəlik təhlükəsizlik hissini də dəyişməyə başlayıb.
Bizimyol.info xəbər verir ki, ABŞ-də aparılan yeni sorğu göstərib ki, amerikalıların süni intellektlə bağlı ən böyük qorxusu iş yerlərini itirmək deyil, deepfake videolar, saxta səs yazıları və Sİ əsaslı dələduzluq vasitəsilə pullarını və şəxsi məlumatlarını itirməkdir.
3 mindən çox insanın iştirak etdiyi araşdırmaya görə, respondentlərin 37 faizi süni intellektlə həyata keçirilən maliyyə fırıldaqlarını əsas narahatlıqları sırasında göstərib. Bu göstərici siyasi manipulyasiya və ya təhsilə təsirlə bağlı qorxulardan xeyli yüksək olub.
Xüsusilə son aylarda deepfake texnologiyalarının sürətlə yayılması insanların narahatlığını artırıb. Artıq məşhur şəxslərin, şirkət rəhbərlərinin və hətta ailə üzvlərinin səsini və görüntüsünü süni intellekt vasitəsilə demək olar ki, tam real şəkildə saxtalaşdırmaq mümkün olur.
ABŞ Federal Təhqiqat Bürosunun (FTB) son hesabatında qeyd olunur ki, ötən il süni intellektlə əlaqəli kiberdələduzluq nəticəsində təxminən 900 milyon dollar zərər qeydə alınıb. Bu vəsaitin böyük hissəsi saxta investisiya layihələri və maliyyə tələləri ilə bağlı olub.
Dələduzlar sosial şəbəkələrdə və videolarda tanınmış şəxslərin saxta çıxışlarını hazırlayaraq insanları “yüksək qazanc” vədləri ilə aldadırlar. Hətta bəzi hallarda ailə üzvlərinin səsi klonlanaraq yaxınlarından təcili pul istənilməsi kimi sxemlərdən istifadə edilir.
Mütəxəssislər bildirirlər ki, “səs klonlama” texnologiyası son dövrdə ən təhlükəli üsullardan birinə çevrilib. Dələduzlar sosial mediada yerləşdirilən qısa videolardan və ya səs yazılarından istifadə edərək insan səsini kopyalaya bilirlər.
Araşdırmada uşaqların təhlükəsizliyi də əsas narahatlıqlardan biri kimi göstərilib. Respondentlərin 14 faizi süni intellektin uşaqlara təhlükə yaratmasını ən ciddi problem hesab edib.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, generativ süni intellekt artıq saxta görüntülərin, manipulyasiya edilmiş videoların və kibercinayətlərin əsas alətlərindən birinə çevrilir.
Sorğunun nəticələrinə görə, amerikalıların 58 faizi süni intellekt sahəsində daha sərt dövlət nəzarətinin tətbiqini dəstəkləyir. İnsanlar yalnız maliyyə itkisindən deyil, həm də şəxsi məlumatların, rəqəmsal kimliyin və məxfiliyin təhlükə altına düşməsindən narahatdırlar.
Ekspertlər hesab edirlər ki, yaxın illərdə süni intellekt texnologiyalarının inkişafı ilə yanaşı, deepfake və rəqəmsal saxtakarlığa qarşı yeni təhlükəsizlik mexanizmlərinin yaradılması əsas prioritetlərdən biri olacaq.
Qadir, Bizimyol.info






