Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çex Azərbaycan qazı və neftinin Ukrayna üzərindən nəqlini istəyir
Çex Azərbaycan qazı və neftinin Ukrayna üzərindən nəqlini istəyir

Çex Respublikası Azərbaycan qazı və neftinin Ukrayna ərazisi vasitəsilə tranzitini təmin etməyə çalışır.

Bizimyol.info xəbər verir ki, "Ceske Noviny" nəşrinin verdiyi məlumata görə, bu barədə Çexiyanın Baş naziri Andrey Babiş Monteneqroda jurnalistlərin sualını cavablandırarkən bildirib.

Baş nazirin sözlərinə görə, Azərbaycan qazının tranziti məsələsi may ayında Ermənistanda Ukrayna Prezidenti Vladimir Zelenski ilə keçirdiyi görüşün əsas mövzularından biri olub.

Məqalədə qeyd olunur ki, hər iki dövlət xadimi Avropa Siyasi Birliyinin (EPC) may sammiti ərəfəsində danışıqlar aparıblar.

“Mən Prezident Zelenskidən soruşdum ki, Ukrayna öz ərazisi vasitəsilə Azərbaycan nefti və qazının tranzitinə icazə verəcəkmi? O cavab verdi ki, bu mümkündür”, – deyə Babiş jurnalistlərə bildirib.

Nəşr xatırladır ki, Zelenski may ayında Babişlə görüşünü məhsuldar adlandırmışdı. “Əməkdaşlığımızın daha da dərinləşdirilməsi üçün real potensial mövcuddur”, – deyə Ukrayna lideri həmin vaxt "X" sosial şəbəkəsində yazıb. Zelenski paylaşımında çex xalqına Ukraynaya göstərilən səmimi dəstəyə görə təşəkkür edib.

Babiş əlavə edib ki, Praqa Azərbaycanla qaz tədarükünə dair bütün razılaşmaları yerinə yetirməlidir. Onun sözlərinə görə, Azərbaycan hazırda Çex Respublikasına neft ixrac edən ən böyük ölkələrdən biridir.

Baş nazir vurğulayıb ki, Azərbaycan və Çex iqtisadi əlaqələrin genişləndirilməsində maraqlıdır və tərəflər birgə müəssisələrin yaradılması ilə bağlı da danışıqlar aparırlar.

Çexin sənaye və ticarət naziri Karel Havliçek hələ aprel ayında Azərbaycana səfəri zamanı bildirmişdi ki, ölkəsi hər il Azərbaycandan 2 milyard kubmetr qaz almağı planlaşdırır.

Nazirin sözlərinə görə, qaz tədarükü 2028–2029-cu illərdə başlaya bilər. Müqavilə hələ imzalanmasa da, onun qeyd etdiyi kimi, razılaşma üzrə proses çox müsbət istiqamətdə irəliləyir.

Bundan bir qədər əvvəl Baş nazir Babiş qaz tədarükünün təmin edilməsində əsas rolun "ČEZ" şirkətinə aid olacağını açıqlamışdı.

May görüşündən sonra Babiş bildirib ki, Zelenski ilə söhbət zamanı enerji məsələlərinə xüsusi diqqət yetirib, çünki bu mövzu onun üçün prioritetdir.

“Slovaklar bizə müraciət edərək "Drujba" neft kəmərinin revers rejimində işləməsinə kömək etməyimizi istəyiblər. Bu isə texniki baxımdan mürəkkəbdir və ən azı bir il vaxt tələb edir”, – deyə Çexin baş naziri qeyd edib.

Məqalədə vurğulanır ki, Macarıstan və Slovakiya Avropa İttifaqında hələ də Rusiya neft və qazından asılı qalan son ölkələr sırasındadır. Aİ isə Moskvanın müharibəni maliyyələşdirməsinin qarşısını almaq məqsədilə 2027-ci ilin sonuna qədər Rusiyadan neft və təbii qaz idxalını tam dayandırmağı planlaşdırır.

Nəşr qeyd edir ki, Rusiya büdcəsinin əsas gəlir mənbələrindən biri məhz neft və qaz satışıdır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »