Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda uşaqların hüquqları necə müdafiə olunur?
Azərbaycanda uşaqların hüquqları necə müdafiə olunur?

Jalə Əliyeva: “Uşaqların müdafiəsi yalnız dövlət qurumlarının deyil, bütövlükdə cəmiyyətin məsuliyyətidir”

1 iyun Beynəlxalq Uşaqların Müdafiəsi Günü kimi qeyd olunur. Bu gün uşaqların hüquqlarına, təhlükəsizliyinə və rifahına diqqətin artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu münasibətlə uşaqların üzləşdiyi problemlər və onların hüquqlarının qorunması istiqamətində görülən işlər yenidən gündəmə gəlir.

  • Uşaqların müdafiəsi sahəsində əsas problemlər hansılardır və bunların həlli üçün nə lazımdır?

Bu barədə Bizimyol.info xəbər portalına danışan Milli Məclisin deputatı, Ailə, Qadın və Uşaq məsələləri komitəsinin Sədr müavini Jalə Əliyeva bildirib ki, uşaqların qarşılaşdığı problemlər müxtəlif xarakter daşıyır: “Hər il iyunun 1-i dünyada Beynəlxalq Uşaqların Müdafiəsi Günü kimi qeyd olunur. Bu əlamətdar gün uşaqların hüquqlarının qorunması, onların təhlükəsiz və sağlam mühitdə böyüməsinin təmin edilməsi, eləcə də cəmiyyətin diqqətinin uşaqların problemlərinə yönəldilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Uşaqlar hər bir xalqın gələcəyidir və onların rifahı dövlətlərin inkişaf səviyyəsini müəyyən edən əsas göstəricilərdən biridir.

Müasir dünyada uşaqların qarşılaşdığı problemlər müxtəlif xarakter daşıyır. Müharibələr, yoxsulluq, məcburi köçkünlük, zorakılıq, insan alveri, erkən nikahlar, təhsildən yayınma və rəqəmsal təhlükələr milyonlarla uşağın həyatına mənfi təsir göstərir. Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi Uşaq Hüquqları Konvensiyası uşaqların yaşamaq, inkişaf etmək, təhsil almaq, sağlamlıq xidmətlərindən istifadə etmək və zorakılıqdan qorunmaq hüquqlarını beynəlxalq səviyyədə təsbit etmişdir”.

Jalə Əliyeva deyib: “Azərbaycan da uşaqların hüquqlarının qorunmasını dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirib. Müstəqillik illərində bu sahədə geniş qanunvericilik bazası formalaşdırılmış, uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasında uşaqların müdafiəsi ilə bağlı müddəalar öz əksini tapmış, “Uşaq hüquqları haqqında” Qanun və digər normativ-hüquqi aktlar qəbul edilmişdir.

Xüsusilə son illərdə ölkədə uşaqların sosial rifahının yüksəldilməsi, təhsil və səhiyyə xidmətlərinin əlçatanlığının artırılması istiqamətində həyata keçirilən proqramlar mühüm nəticələr vermişdir. Yeni məktəblərin, uşaq bağçalarının və müasir tibb müəssisələrinin tikilməsi uşaqların inkişafı üçün daha əlverişli şərait yaratmışdır. Eyni zamanda həssas qruplardan olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi, inklüziv təhsilin inkişafı və ailə institutunun möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər xüsusi əhəmiyyət daşıyır”.

Jalə Əliyeva həmçinin qeyd edib: “Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri də uşaqların gələcəyi baxımından strateji əhəmiyyətə malikdir. Bu ərazilərdə müasir məktəblərin, uşaq bağçalarının, idman və mədəniyyət obyektlərinin inşası gələcək nəsillərin daha sağlam və təhlükəsiz şəraitdə yetişməsinə xidmət edir.

Lakin qlobal çağırışlar fonunda uşaqların müdafiəsi məsələsi daim diqqət mərkəzində saxlanılmalıdır. İnternet və sosial şəbəkələrin sürətli inkişafı uşaqlar üçün yeni imkanlarla yanaşı, müxtəlif risklər də yaradır. Kibertəhlükəsizlik, rəqəmsal savadlılıq və uşaqların informasiya təhlükəsizliyinin təmin olunması müasir dövrün vacib vəzifələrindəndir. Bununla yanaşı, məktəblərdə psixoloji xidmətlərin genişləndirilməsi, ailə dəyərlərinin təşviqi və erkən yaşlardan hüquqi maarifləndirmənin aparılması da vacib məsələlər sırasındadır”.

Jalə Əliyeva əlavə edib: “Uşaqların müdafiəsi yalnız dövlət qurumlarının deyil, bütövlükdə cəmiyyətin məsuliyyətidir. Valideynlər, müəllimlər, vətəndaş cəmiyyəti institutları və media uşaqların hüquqlarının qorunması prosesində fəal iştirak etməlidirlər. Sağlam, təhsilli və vətənpərvər nəslin formalaşdırılması ölkənin gələcək inkişafının əsas təminatıdır. Uşaqlara göstərilən qayğı əslində dövlətin və cəmiyyətin öz gələcəyinə yatırdığı ən qiymətli sərmayədir”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »