Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsi müharibənin diplomatik yolla başa çatdırılması üçün istənilən formatda, o cümlədən Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqlara hazırdır.
APA xəbər verir ki, Zelenski bu barədə Kiyevdə NATO-nun baş katibi Mark Rütte ilə birgə mətbuat konfransında danışıb.
Onun sözlərinə görə, ABŞ ilə danışıqlar prosesi davam etsə də, Vaşinqtonun əsas diqqəti hazırda İrana yönəlib. Zelenski vurğulayıb ki, Rusiyanı müharibəni dayandırmağa məcbur edə biləcək ən güclü təsir rıçaqları ABŞ-ın əlindədir.
Ukrayna lideri qeyd edib ki, sülh prosesində həm ABŞ, həm də Avropanın iştirakı vacibdir və Kiyev müharibəni bitirəcək istənilən təşəbbüsü dəstəkləməyə hazırdır.
“Bu müharibəni başa çatdırmaq üçün Putinlə birbaşa danışıqlara hazıram”, – deyə Zelenski bildirib.






