Böyük Britaniya Baş naziri Kir Starmer və Polşa hökumətinin rəhbəri Donald Tusk iki ölkə arasında təhlükəsizlik və müdafiə sahəsində saziş imzalayıblar. Sənədin Rusiyaya qarşı yönəldiyi və qarşılıqlı müdafiə müddəasını ehtiva etdiyi bildirilir.
Bizimyol.info xəbər verir ki, imzalanma mərasimi Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinin Aksbricdə yerləşən yeraltı komanda məntəqəsində — “Britaniya döyüşü bunkeri” kimi tanınan mərkəzdə keçirilib.
Məlumata görə, sənəd sərhədlərin qorunması, mütəşəkkil cinayətkarlıqla mübarizə, kollektiv müdafiənin gücləndirilməsi və Avropa İttifaqı ilə əməkdaşlığın dərinləşdirilməsi məsələlərini əhatə edir.
Tərəflər həmçinin yeni hava hücumundan müdafiə sistemlərinin hazırlanması üzərində birgə işləməyi, o cümlədən orta mənzilli zenit raketlərinin birgə istehsalına başlamağı planlaşdırırlar. Bu barədə Kir Starmerin ofisi məlumat yayıb.
Donald Tusk Londona yola düşməzdən əvvəl bildirib ki, London və Varşava arasında müdafiə ittifaqının gücləndirilməsi Rusiyaya qarşı yönəlib. O əlavə edib ki, NATO çərçivəsində kollektiv müdafiə mexanizmi mövcud olsa da, bu ikitərəfli saziş mümkün hücum halında daha sürətli qarşılıqlı müdafiə təminatları əldə etmək məqsədi daşıyır.
Bir il əvvəl Polşa Fransa ilə də qarşılıqlı müdafiə müddəalarını ehtiva edən yeni dostluq sazişi imzalayıb. Varşavanın iyun ayında Almaniya ilə oxşar razılaşma bağlayacağı gözlənilir.
"Gazeta Wyborcza" nəşrinin yazdığına görə, Varşava, London, Berlin və Paris bununla “NATO daxilində NATO” modelinin formalaşdırılması istiqamətində fəaliyyət aparırlar.
Bizimyol.info






