İranın Ali dini lideri Müctəba Xamenei Həcc mövsümü münasibətilə yayımladığı müraciətdə ABŞ və İsrailə qarşı sərt mesajlar verib. O bildirib ki, regionda qüvvələr nisbəti dəyişib və “zamanın əqrəbləri artıq geri dönməyəcək”.
Bizimyol.info xəbər verir ki, İran dövlət xəbər agentliyi İRNA yaydığı məlumata görə, Xamenei Həcc mərasimini yalnız dini ibadət deyil, həm də “Allaha doğru mənəvi hicrət, şeytani təsirlərdən qurtuluş və İslam ümmətinin birliyi” kimi xarakterizə edib.
Ərəfat düzündə İran zəvvarlarının nümayəndəsi tərəfindən səsləndirilən müraciətdə Xamenei qeyd edib ki, İran xalqı 47 il əvvəl “Allahu Əkbər” şüarı ilə ayağa qalxaraq şah rejimini devirdi, ABŞ-nin ölkədəki təsirini zəiflətdi və “sionizmin nüfuzunu aradan qaldırdı”.
O, həmçinin İran-İraq müharibəsi dövründə İran xalqının müqavimət göstərdiyini, daha sonrakı illərdə isə iqtisadi sanksiyalar və xarici təzyiqlərə qarşı dayandığını bildirib.
Xamenei çıxışında “müqavimət cəbhəsi” adlandırdığı qüvvələrin İran, Livan, Fələstin, İraq, Suriya və digər bölgələrdə gücləndiyini qeyd edib. Onun sözlərinə görə, bu proses İsrailə qarşı mübarizəni genişləndirib və “sionist rejimi zəiflədib”.
İran lideri bildirib ki, ABŞ artıq regionda əvvəlki kimi təhlükəsiz hərbi mövcudluğa malik olmayacaq və bölgə xalqları bundan sonra Amerika bazalarının “qalxanı” rolunu oynamayacaq.
Müraciətdə İsrail “qeyri-sabit rejim” və “xərçəng şişi” kimi xarakterizə olunub. Xamenei iddia edib ki, İsrail “mövcudluğunun son mərhələsinə yaxınlaşır”.
O, Həcc dövründə “müşriklərdən uzaqlaşma” mövzusunun bu il xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq bildirib ki, gələcəkdə “ABŞ-a ölüm” və “İsrailə ölüm” şüarları İslam dünyasında və xüsusilə gənclər arasında daha geniş yayılacaq.
Xamenei çıxışının sonunda İslam ölkələrini əməkdaşlığa və birliyə çağırıb, Fələstinin azadlığı, müsəlman ölkələri arasında həmrəylik və qlobal “hegemon güclərə” qarşı mübarizənin vacibliyini qeyd edib.
Bizimyol.info






