ABŞ Silahlı Qüvvələri qüvvədə olan müdafiə büdcəsində nəzərdə tutulmayan hərbi əməliyyat xərcləri, eləcə də yanacağın bahalaşması səbəbindən əhəmiyyətli maliyyə vəsaiti qıtlığı ilə üzləşib.
"Report" xəbər verir ki, bu barədə Pentaqonun rəsmi nümayəndəsinə istinadən "Fox News" məlumat yayıb.
Telekanalın müsahibinin sözlərinə görə, İrana qarşı hərbi kampaniyaların aparılması, Cənubi Amerikadakı əməliyyatlar, ABŞ-nin cənub sərhədyanı regionlarındakı fəaliyyətlər, Milli Qvardiya bölmələrinin cəlb edilməsi, eləcə də yanacağın qiymətinin sürətlə artması Pentaqonun resurs bazasına düşən yükün əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Bu, hərbi rəhbərliyi cari xərclər sahəsində çətin qərarlar qəbul etməyə məcbur edib.
"Ordu komandanlıqlara mövcud resursların bölüşdürülməsi ilə bağlı ən kritik ehtiyacları optimallaşdırmağa və onlara prioritet verməyə imkan yaradacaq əsaslandırılmış və çətin qərarlar qəbul etmək barədə göstərişlər göndərib", - polkovnik Marti Meyners telekanala bildirib.
ABŞ Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi admiral Deril Kodl Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində may ayında keçirilən dinləmələr zamanı bildirib ki, donanma üçün əlavə maliyyə vəsaiti ayrılmasa, artıq iyul ayında keçirilən əməliyyatlara çəkilən xərclərin ixtisar edilməsi ilə bağlı qərarların qəbul olunması zərurəti yarana bilər.
Bundan əlavə, rəsmi şəxslər "Fox News"a bildiriblər ki, yanacağın qiymətinin artması şəxsi heyətin döyüş hazırlığına, eləcə də hərbi qulluqçuların, yüklərin və texnikanın daşınması xərclərinə əhəmiyyətli dərəcədə təsir göstərir.
Rəsmi statistikaya görə, Pentaqon hər il təxminən 80 milyon barel yanacaq alır.






