Son dövrlərdə Azərbaycan Respublikasına qarşı müxtəlif platformalarda həyata keçirilən məqsədli informasiya hücumları, qarayaxma kampaniyaları və manipulyativ təbliğat cəhdləri yeni mərhələyə qədəm qoyub.
Xüsusilə Azərbaycan-Türkiyə münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə yüksəlməsi, regionda yeni geosiyasi reallıqların formalaşması və Cənubi Qafqazda güc balansının dəyişməsi müəyyən dairələri ciddi şəkildə narahat edir. Məhz bu səbəbdən Azərbaycan dövlətinin diplomatik addımlarını, regional təşəbbüslərini və qardaş Türkiyə ilə koordinasiyalı siyasətini hədəf alan növbəti qarayaxma kampaniyasının başladıldığı müşahidə olunur.
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov tərəfindən Türkiyənin “Cümhuriyyət” qəzetinə verilən müsahibə də məhz bu cür manipulyasiya cəhdlərinin mərkəzinə çevrilib. Səfirin Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesinə dair söylədiyi fikirlər tamamilə diplomatik reallıqları əks etdirməsinə baxmayaraq, müəyyən anti-Azərbaycan qüvvələri tərəfindən qərəzli şəkildə təhrif olunub və süni şəkildə gündəm formalaşdırılmağa çalışılıb.
Bu barədə Bizimyol.info xəbər portalına danışan politoloq Nicat İsmayılov bildirib ki, əslində isə səfirin açıqlaması regionda sülh və sabitlik üçün vacib hesab olunan siyasi proseslərin mümkün inkişaf istiqamətlərinə dair obyektiv qiymətləndirmədən ibarət idi. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, bölgədə dayanıqlı sülhün təmin olunması, kommunikasiyaların açılması və qarşılıqlı əməkdaşlıq yalnız Azərbaycanın milli maraqları və beynəlxalq hüququn prinsipləri əsasında mümkündür. Bu siyasət həm də Azərbaycan-Türkiyə qardaşlığının strateji mahiyyətinə tam uyğundur.
Lakin görünən odur ki, bəzi dairələr Azərbaycan və Türkiyənin vahid geosiyasi mövqedən çıxış etməsini qəbul edə bilmirlər. Xüsusilə Türk dünyasının güclənməsi, enerji və nəqliyyat layihələrinin uğurla həyata keçirilməsi, Zəngəzur dəhlizi kimi strateji təşəbbüslərin gündəmdə olması müəyyən xarici mərkəzləri ciddi şəkildə narahat edir. Çünki bu layihələr təkcə iqtisadi deyil, həm də siyasi baxımdan regionun gələcəyini müəyyən edən amillər sırasındadır.
“Səsləndirilən ittihamlar və manipulyativ fikirlər bir daha göstərir ki, müəyyən çevrələr regionda Azərbaycan-Türkiyə tandeminin güclənməsini öz maraqlarına təhdid hesab edirlər. Belə dairələr müxtəlif media resursları, sosial şəbəkələr və siyasi platformalar vasitəsilə ictimai rəyə təsir göstərməyə çalışır, Azərbaycan diplomatiyasını hədəfə alırlar.
Bu kampaniyaların əsas məqsədlərindən biri Azərbaycan ilə Türkiyə arasında etimad mühitinə kölgə salmaq, iki qardaş ölkə arasında fikir ayrılığı görüntüsü yaratmaq və regionda formalaşan yeni siyasi reallıqları zəiflətməkdir. Halbuki tarix dəfələrlə sübut edib ki, Bakı və Ankara münasibətləri təsadüfi siyasi tərəfdaşlıq deyil, ortaq milli maraqlara, tarixi bağlara və strateji əməkdaşlığa əsaslanan sarsılmaz müttəfiqlik modelidir”-deyən politoloq bildirib ki, bu gün Azərbaycan beynəlxalq müstəvidə müstəqil siyasət yürüdən, milli maraqlarını qətiyyətlə müdafiə edən güclü dövlət kimi çıxış edir. Cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu xarici siyasət nəticəsində ölkəmiz regionun əsas söz sahibinə çevrilib. Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqlar, xüsusilə 44 günlük Vətən müharibəsindən sonra formalaşan vəziyyət bəzi qüvvələrin planlarını alt-üst edib. Buna görə də həmin dairələr informasiya müharibəsi metodlarına üstünlük verərək qarayaxma kampaniyaları təşkil etməyə çalışırlar.
Lakin bütün bu cəhdlər nəticəsiz qalmağa məhkumdur. Çünki Azərbaycan cəmiyyəti artıq informasiya manipulyasiyalarını ayırd edə bilir, dövlətin milli maraqlarını hədəf alan təxribatların mahiyyətini anlayır. Eyni zamanda Türkiyə ilə Azərbaycan arasında münasibətlər gündəlik siyasi konjonkturanın deyil, uzunmüddətli strateji maraqların məhsuludur.
Politoloqun fikrincə, bu baxımdan səfir Rəşad Məmmədovun açıqlamaları ətrafında yaradılan süni ajiotaj bir daha göstərir ki, regionda Azərbaycanın artan nüfuzu bəzi mərkəzləri ciddi narahat edir. Lakin istənilən qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan-Türkiyə birliyi güclənməkdə davam edir və bu birlik Cənubi Qafqazda sülhün, sabitliyin və inkişafın əsas təminatçılarından biri olaraq qalır.
İradə Cəlil, Bizimyol.info






