İsrail Baş Naziri Binyamin Netanyahu və Müdafiə Naziri İsrael Katz İordaniya ilə sərhədin şərq istiqamətində müdafiənin gücləndirildiyi ərazini ziyarət ediblər.
Bizimyol.info xəbər verir ki, bu barədə baş nazirin ofisi məlumat yayıb.
Netanyahu 96-cı Diviziya hərbçiləri ilə görüş zamanı bildirib ki, "şərq sərhədinin qorunması son dərəcə vacib missiyadır", eyni zamanda İsrailin mümkün müdaxilə təhlükəsini nəzərə aldığını vurğulayıb. Baş nazir hərbçilərə müraciət edərək: "Düşmənlərimiz müdaxilə etmək istəyir və buna görə də biz sizə güvənirik", - deyə bildirib.
Baş nazirin ofisinin məlumatına görə, ölkə rəhbərliyinə sərhədin möhkəmləndirilməsi üzrə ətraflı məlumat təqdim olunub. Buraya yeni baryerlərin tikilməsi, müasir müşahidə sistemləri və hərbi texnikanın yerləşdirilməsi daxildir.
İsrail şərq istiqamətinə diqqəti 7 oktyabr 2023-cü il tarixində HƏMAS-ın hücumundan sonra artırıb. Rəsmi məlumatda bildirilir ki, məqsəd uzun sərhədi silah qaçaqmalçılığı və silahlı qrupların potensial keçidindən qorumaqdır.
Bizimyol.info






