Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumu — World Urban Forum 13 çərçivəsində Özbəkistan nümayəndə heyəti də iştirak edir. Özbəkistan Respublikasının Dayanıqlı Urbanizasiya və Mənzil Bazarının İnkişafı üzrə Milli Komitəsinin idarə rəisi Artem Kreskas forumun urbanizasiya sahəsində beynəlxalq təcrübə mübadiləsi üçün mühüm platforma olduğunu bildirib.
O qeyd edib ki, bu cür genişmiqyaslı və qlobal urbanizasiya forumunda ilk dəfə iştirak edir:
“Bu forum bizim üçün urbanizasiya sahəsində beynəlxalq təcrübəni öyrənmək baxımından böyük imkan yaradır. Burada şəhərsalma planlaşdırılması, yaşayış məntəqələrinin inkişaf modelləri, kompleks tikinti prinsipləri və urbanizasiya metodlarının tətbiqi ilə bağlı mühüm təcrübələrlə tanış oluruq”.
Artem Kreskas forum çərçivəsində həm dövlət, həm də özəl sektor nümayəndələri ilə görüşlər keçirdiklərini də vurğulayıb:
“Burada bu sahədə fəaliyyət göstərən çoxsaylı beynəlxalq təşkilatlarla tanış olduq. Əməkdaşlıq əlaqələri getdikcə genişlənir. Xüsusilə Azərbaycanla bu istiqamətdə əməkdaşlığın inkişaf etməsi diqqət çəkir”.
Bakıda ilk dəfə olduğunu deyən nümayəndə şəhərin memarlığından xüsusi təsirləndiyini bildirib:
“Bakının memarlığı müxtəlif dövrlərin üslublarını özündə birləşdirir. Burada yerli mədəni irs, ənənələr və insanların həyat tərzi şəhərin görünüşündə aydın hiss olunur”.
Leyla Mirzə, Bizimyol.info






