Hazırda sərhədçilər Belarus sərhədində Ukraynaya hücum üçün kifayət edəcək sayda Rusiya işğalçı qüvvəsinin cəmləşdiyini müşahidə etmirlər.
Bizimyol.info xəbər verir ki, bunu Ukrayna Dövlət Sərhəd Xidmətinin (USX) nümayəndəsi Andrey Demçenko bildirib.
Onun sözlərinə görə, yalnız qısa fasilələrlə nisbi sakitlik müşahidə olunur: “Rusiya hazırda Belarusa ciddi təzyiq göstərir ki, o da öz qüvvələri ilə bizimlə müharibəyə qoşulsun”, – deyə Demçenko vurğulayıb.
Demçenko qeyd edib ki, Belarus rəhbəri Aleksandr Lukaşenkonun rejimi son günlər Ukraynanı pilotsuz uçuş aparatları ilə hücumlarda ittiham etsə də, əslində vəziyyət tam əksinədir.
“Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi kütləvi hücumlarda istifadə olunan dronların əksəriyyəti Belarus ərazisinə daxil olur və oradan keçərək daha sonra Kiyev və Jitomir vilayətləri istiqamətindən Ukraynaya daxil olur. Son bir neçə həftədə bu taktikanın istifadəsinin artdığı qeydə alınıb”, – deyə Dövlət Sərhəd Xidmətinin nümayəndəsi bildirib.
Bundan əvvəl Ukrayna müdafiə nazirinin müşaviri Sergey (“Flash”) Beskrestnov bəyan etmişdi ki, əgər Belarus ərazisindən Ukraynaya “Şahed” dronları buraxılarsa, Ukrayna Belarusa zərbə endirəcək.
O bildirib ki, Belarus piyadalarının sərhədi keçməsi halında FPV-dronlardan istifadə olunacaq.
“Əgər Belarus ərazisində “Şahed” bazalarının qurulduğunu və oradan dronların buraxıldığını görsək, həmin bazalara tamamilə fərqli tip PUA-larla zərbələr endirəcəyik. Bu, Belarus tərəfdən yaranacaq təhlükənin səviyyəsindən asılı olacaq”, – deyə ekspert izah edib.
Bizimyol.info






