Almaniyada Avropaya ABŞ-ın “Tomahawk” qanadlı raketlərinə alternativ öz raket sistemini hazırlamaq və bunu Ukrayna ilə əməkdaşlıq şəklində etmək təklifi irəli sürülüb.
Bizimyol.info xəbər verir ki, bu təklif Almaniya Xristian-Demokratik İttifaqı (CDU) partiyasının müdafiə məsələləri üzrə eksperti Roderix Kizevetter tərəfindən səsləndirilib.
Kizevetter ABŞ-ın “Tomahawk” raketlərinin Almaniyada yerləşdirilməsindən imtina etməsini “böyük səhv” adlandırıb və bunun Avropanın təhlükəsizliyi üçün əlavə təhdidlər yarada biləcəyini bildirib. Ekspert qeyd edib ki, ABŞ-ın orta mənzilli raket sistemlərinin olmaması, bu sistemlərin qarşısıalınmaz vasitə kimi xidmət etməsi imkanının itməsi, birbaşa olaraq Avropa İttifaqı və NATO ölkələrinin müdafiəsini zəiflədir.
Kizevetter vurğulayıb ki, bu qərarın nəticələri ABŞ-ın Almaniyadakı hərbi kontingentinin, o cümlədən təxminən 5 min əsgərin azaldılması planının yaratdığı təsirdən daha ciddi ola bilər.
Ekspert təklif edib ki, Avropa uzaqmənzilli raket sistemlərini, Vaşinqtondan asılı olmayaraq, öz gücü ilə yaratsın və bu layihə Ukrayna ilə birgə həyata keçirilsin. “Həll yolu Ukrayna ilə birgə belə bir sistem yaratmaqdır ki, 2030-cu ilə qədər bu sistemlər mövcud olsun”, – deyə Kizevetter deyib.
O həmçinin xəbərdarlıq edib ki, “Tomahawk” raketlərinin Almaniyada yerləşdirilməməsi Kremlin zəiflik siqnalı kimi qəbul edə bilər. Kizevetter xatırladıb ki, Rusiya 2017-ci ildə orta və qısa mənzilli raketlər üzrə müqaviləni pozub və hərbi potensialını artırmağa davam edir.
Təhlükəsizlik eksperti Niko Lange də alternativ qarşısıalınmaz vasitələrin yaradılmasının vacibliyi fikrini dəstəkləyib. O bildirib ki, Avropaya ABŞ-dan müstəqil uzaqmənzilli sistemlər lazımdır, çünki Kalininqrad bölgəsində yerləşdirilmiş rus “İskəndər” kompleksləri bütün Avropa üçün təhlükə yaradır.
Qeyd edək ki, “Tomahawk” uzaq mənzilli qanadlı raketlərə aiddir və 1600 km məsafədə hədəfi vurmaq imkanına malikdir. Raket alçaq hündürlükdə uçar və trayektoriyasını dəyişdirə bilir ki, bu da onu hava hücumundan müdafiə sistemləri üçün çətinləşdirir. Xarakteristikalarına görə, “Tomahawk” bəzən rus “Kalibr” raketləri ilə müqayisə edilir.
Bizimyol.info






