Akif Nəsirli: “Minimum həftəlik saat zəmanəti, sahə əmsalları və “overtime” qaydası düzgün yazılsa, bu model həm işçinin hüququnu qoruyar, həm də əmək bazarını daha çevik edər”.
Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid daha qısa zamanda reallaşa bilər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi saatlıq əmək haqqı ilə bağlı Qanun layihələrinin hazırlanması ilə bağlı işlərin aparıldığını bildirib.
Bizimyol.info xəbər portalı xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial media hesabında paylaşım edib.
Vüqar BayramovDeputat paylaşımında bildirib ki, inkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, saatlıq əməkhaqqı sisteminin bir sıra üstünlükləri mövcuddur. Bu model vətəndaşların "overtime", yəni əsas iş saatlarından artıq işlədikləri müddətə görə əlavə ödəniş almalarını təmin edir. Eyni zamanda bir neçə yerdə işləmək imkanlarını genişləndirir ki, bu da mühüm amillərdəndir:
“Yeni mexanizmin tətbiq olunması, əməkhaqqı aylıq deyil, saatlıq olaraq hesablanmasına gətirib çıxaracaq. Saatlıq əməkhaqqının hesablanması bir tərəfdən vətəndaşlarımıza işlədikləri müddətin saatlar üzrə hesablanması və onların əməkhaqlarında artımların reallaşmasına gətirib çıxara bilər. Eyni zamanda vətəndaşımız saatlar üzrə differensial olaraq bir deyil, bir neçə iş yerində çalışa bilər. Bu da onun əməkhaqqının artmasına gətirib çıxaran faktorlardan olacaq”.
- Bu sistem əmək bazarında qeyri-sabitliyə səbəb ola bilərmi?
- Saatlıq minimum əməkhaqqının müəyyən olunması necə aparılmalıdır?
Akif NəsirliBu barədə Bizimyol.info xəbər portalına Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, bu xüsusilə tələbələr, gənc analar və yarımştat iş axtaranlar üçün bu sərfəlidir: “Saatlıq əməkhaqqı sisteminə keçid Azərbaycanda əmək münasibətlərini daha şəffaf edə bilər, amma riskləri də var. Bu model tətbiq olunanda işçinin nə qədər saat işlədiyi dəqiq hesablanır və “overtime”, yəni normadan artıq iş saatlarına görə əlavə ödəniş almaq hüqu yaranır. İndi çox yerdə işçilər 9 saat işləyib 8 saatın pulunu alır, saatlıq sistem bunu aradan qaldırır. Bir neçə yerdə işləmək də asanlaşır, çünki insan günün bir hissəsini bir işdə, qalan hissəsini başqa işdə keçirib hər saatın haqqını ala bilər. Xüsusilə tələbələr, gənc analar və yarımştat iş axtaranlar üçün bu sərfəlidir”.
Akif Nəsirli vurğulayıb ki, inkişaf etmiş ölkələrdə saatlıq sistemlə yanaşı “minimum həftəlik saat zəmanəti” tətbiq olunur: “Əmək bazarında qeyri-sabitlik yarada bilərmi sualına gəldikdə, hər şey qaydaların necə yazılmasından asılıdır. Əgər işəgötürənə tam sərbəstlik verilsə və işçini istədiyi vaxt “bu gün cəmi 2 saat iş var” deyib evə göndərə bilsə, aylıq gəlir qeyri-sabit olar. İnsan kirayə, kredit, ailə büdcəsini planlaya bilməz. Ona görə inkişaf etmiş ölkələrdə saatlıq sistemlə yanaşı “minimum həftəlik saat zəmanəti” tətbiq olunur. Məsələn, işçi ilə müqavilədə həftədə ən azı 20 saat iş veriləcəyi yazılır. Beləliklə həm işəgötürən çevik olur, həm də işçi tam gəlirsiz qalmır. Yox, bu zəmanət olmasa, işəgötürənlər daimi işçiləri çıxarıb hamını saatlıq müqavilə ilə saxlayar və əmək bazarında stabillik pozular”.
Akif Nəsirli həmçinin qeyd edib: “Saatlıq minimum əməkhaqqı müəyyən olunanda üç meyar əsas götürülməlidir. Birincisi, aylıq minimum əməkhaqqı əsasdır. İndi Azərbaycanda minimum əməkhaqqı 400 manatdır. Bir ayda orta hesabla 160 iş saatı var. 400-ü 160-a bölsək, saatlıq minimum təxminən 2.50 manat alınır. Amma bu rəqəm mexaniki olmamalıdır. İkincisi, yaşayış minimumu və inflyasiya nəzərə alınmalıdır. Bir saatlıq işlə adamın heç olmasa 1 litr süd, 1 çörək və yolu çıxmalıdır. Üçüncüsü, sahələr üzrə fərq qoyulmalıdır. Ağır fiziki iş, gecə növbəsi, riskli sahələr üçün əmsallar tətbiq edilir. Məsələn, tikintidə saatlıq minimum 3.50 manat, ofis işində 2.50 manat ola bilər”.
Akif Nəsirli əlavə edib: “Bundan başqa “overtime” üçün qanunda dəqiq faiz yazılmalıdır. Dünya təcrübəsində normadan artıq saatlar 1.5 dəfə, bayram günləri 2 dəfə ödənilir. Əgər bu qayda olmasa, işəgötürən işçini 12 saat işlədib yenə adi saat qiyməti verə bilər və sistemin üstünlüyü itər.
Beləliklə, saatlıq əməkhaqqı özü-özlüyündə qeyri-sabitlik yaratmır. Qeyri-sabitliyi yaradan zəif qanunvericilik və nəzarətsizlikdir. Minimum həftəlik saat zəmanəti, sahə əmsalları və “overtime” qaydası düzgün yazılsa, bu model həm işçinin hüququnu qoruyar, həm də əmək bazarını daha çevik edər”.
Günel Həsənova, Bizimyol.info






