Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan–Ermənistan dialoqunda yeni mərhələ: İrəvan səfəri...
Azərbaycan–Ermənistan dialoqunda yeni mərhələ: İrəvan səfəri...

“29 aprel 2026-cı il tarixində Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyətinin Ermənistana səfəri Cənubi Qafqazda formalaşan yeni siyasi reallıqların mühüm göstəricisi kimi qiymətləndirilir. Bu səfər təkcə diplomatik təmas deyil, həm də Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan praktiki addımların davamı kimi xüsusi əhəmiyyət daşıyır.

Son illərdə regionda baş verən fundamental dəyişikliklər, xüsusilə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsi Cənubi Qafqazda yeni güc balansı formalaşdırıb. Bu reallıq Ermənistanın da siyasi kursunda korrektələr etməsini zəruri edib. Artıq qarşıdurma ritorikasından əməkdaşlıq və dialoq müstəvisinə keçid müşahidə olunur”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Nicat İsmayılov danışıb. Politoloq qeyd edib ki, Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İrəvana səfəri məhz bu transformasiyanın konkret təzahürüdür. Bu səfər tərəflər arasında birbaşa dialoqun gücləndirilməsi və qarşılıqlı etimadın artırılması baxımından strateji əhəmiyyət daşıyır.

“Səfərin əsas istiqamətlərindən biri iqtisadi əməkdaşlıq imkanlarının müzakirəsidir. Regionda nəqliyyat-kommunikasiya xətlərinin açılması, xüsusilə Zəngəzur dəhlizi məsələsi həm Azərbaycan, həm də Ermənistan üçün yeni iqtisadi perspektivlər yarada bilər. Bu kontekstdə regional tranzit imkanlarının genişlənməsi, ticarət dövriyyəsinin artması, investisiya mühitinin yaxşılaşması, logistika və infrastruktur layihələrinin reallaşması kimi məsələlər ön plana çıxır. Şahin Mustafayevin iqtisadi sahədə zəngin təcrübəsi bu danışıqların daha konkret və nəticəyönümlü aparılmasına zəmin yaradır.

Bu səfər həm də Azərbaycan və Ermənistan arasında siyasi dialoqun daha sistemli və institusional çərçivəyə keçirilməsi baxımından əhəmiyyətlidir. Uzun illər vasitəçilər üzərindən aparılan danışıqlardan fərqli olaraq, birbaşa təmasların intensivləşməsi yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Birbaşa dialoq qərarların daha operativ qəbuluna imkan verir, qarşılıqlı anlaşmanı gücləndirir və siyasi məsuliyyəti artırır. Bu isə öz növbəsində sülh prosesinin dayanıqlığını təmin edən əsas amillərdən biridir.

Bununla yanaşı, proses müəyyən çətinliklərdən də xali deyil. Ermənistan daxilində bəzi revanşist qüvvələrin mövcudluğu, eləcə də regionda maraqları olan xarici aktorların təsir cəhdləri danışıqlar prosesinə risklər yarada bilər. Digər mühüm məqam isə ictimai rəy faktorudur. Uzun illər davam edən münaqişə hər iki cəmiyyət arasında dərin psixoloji baryerlər formalaşdırıb və bu səbəbdən siyasi dialoqla yanaşı, ictimai diplomatiyanın gücləndirilməsi də vacib sayılır”.

“Şahin Mustafayevin rəhbərliyi ilə həyata keçirilən bu səfər Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilə bilər. Əgər bu təmaslar konkret razılaşmalarla nəticələnərsə, yaxın perspektivdə Azərbaycan–Ermənistan münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanması mümkündür. Bu səfər sülh gündəliyinin praktik mərhələyə keçdiyini göstərir, iqtisadi inteqrasiyanın əsasını qoyur və regionda uzunmüddətli sabitliyə xidmət edir”, – deyə politoloq bildirib.

Politoloqun sözlərinə görə, bu cür yüksək səviyyəli təmasların davamlı olması və konkret nəticələr verməsi Cənubi Qafqazın gələcək geosiyasi və geoiqtisadi arxitekturasını müəyyən edən əsas amillərdən biri olacaq.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »