Türkiyə Hərbi Dəniz Qüvvələrinin istefada olan kontr-admiralı, “Mavi Vətən” milli dəniz doktrinasının banisi Cem Gurdəniz bildirib ki, İran müharibəsinin iyun ayına qədər davam etməsi dünyanı 1930-cu illərin Böyük Depressiyasına bənzər miqyasda iqtisadi böhranın astanasına gətirə bilər.
Bizimyol.info xəbər verir ki, o, bu fikirləri "The Cradle" portalına açıqlamasında səsləndirib.
“İyun kritik həddir. Əgər iyunun sonunadək həll tapılmasa, dünya 1929-cu ildə baş verənlərə bənzər bir böhranla üzləşə bilər. Qlobal iqtisadiyyat dərin resessiyaya girə bilər və ABŞ-nin tətbiq etdiyi neft-dollar sistemi çökə bilər. ABŞ artıq razılıq və təhlükəsizlik təmin etmir, əksinə qorxu və məcburiyyət yayaraq qlobal narazılığı artırır”, – deyə Gurdəniz bildirib.
Onun sözlərinə görə, Fars körfəzi ölkələrinin ABŞ-nin təhlükəsizlik zəmanətlərinə inamı getdikcə zəifləyir, çünki İran böhranı Vaşinqtonun əsas dəniz və enerji dəhlizlərində sabitlik təmin etmək qabiliyyətinin sərhədlərini üzə çıxarıb. “Bu, çox güman ki, region ölkələrinin diversifikasiya və yeni regional və qlobal ittifaqlar axtarışını sürətləndirəcək”, – deyə ekspert qeyd edib.
Gurdəniz həmçinin hesab edir ki, “İran ciddi itkilərə baxmayaraq, Hörmüz boğazı kimi kritik enerji marşrutlarına təsiri sayəsində strateji təşəbbüsü qoruyub saxlayır”. “ABŞ hərbi mövcudluğu artırmaq və təzyiq göstərməklə cavab verir, lakin eskalasiyanı sonsuz davam etdirmək imkanları iqtisadi, logistik və siyasi amillərlə məhdudlaşır”, – deyə o vurğulayıb.
Qeyd edək ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı müharibəyə başlayıb. 7 aprel tarixində ABŞ prezidenti Donald Tramp İranla iki həftəlik qarşılıqlı atəşkəs elan edib. İran tərəfinin məlumatına əsasən, 40 günlük müharibə zamanı ABŞ-İsrail hücumları nəticəsində 3 375 iranlı həlak olub. 11 apreldə Tehran və Vaşinqton nümayəndə heyətləri İslamabadda danışıqlar aparsa da, ziddiyyətlər səbəbindən uzunmüddətli nizamlanma üzrə razılıq əldə olunmayıb. 21 apreldə ABŞ prezidenti İrana qarşı atəşkəs rejiminin uzadılacağını bildirib. İran dövlət televiziyasının məlumatına görə isə Tehran Vaşinqtonun birtərəfli qaydada elan etdiyi atəşkəsin uzadılmasını tanımır və öz maraqlarına uyğun hərəkət edəcək.
Qadir, Bizimyol.info






