Qəbələdə keçirilən görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Çexiyanın baş naziri Andrey Babiş bir araya gəlib. Görüş çərçivəsində həm təkbətək, həm də geniş tərkibli müzakirələr aparılıb. Tərəflər siyasi dialoqun genişlənməsi və iqtisadi əməkdaşlığın gücləndirilməsi məsələlərini diqqət mərkəzində saxlayıblar. Paralel olaraq, Çexiya–Azərbaycan Biznes Forumu keçirilib və işgüzar dairələr arasında əlaqələrin inkişafı müzakirə olunub. Bu təmas göstərir ki, iki ölkə arasında münasibətlər daha praktik və nəticəyə hesablanan mərhələyə daxil olur.
Milli Məclisin deputatı Tural Gəncəliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu gün Azərbaycanın və Çexiyanın rəhbərləri Qəbələdə çox önəmli görüş keçiriblər.
Deputat bu görüşü Azərbaycan–Çexiya münasibətlərində yeni inkişaf mərhələsi kimi qiymətləndirir: “Azərbaycan Prezidenti və Çexiyanın baş nazirinin iştirakı ilə Çexiya–Azərbaycan Biznes Forumu keçirilib. Təbii ki, biznes forumunun təşkili Avropa İttifaqının Mərkəzi və Şərqi Avropada yerləşən önəmli ölkəsi olan Çexiyanın Azərbaycanla münasibətləri inkişaf etdirmək niyyətindən irəli gəlir.
Azərbaycan və Çexiya təkcə iqtisadiyyat və biznes sahəsində deyil, siyasi təhlükəsizlik və hərbi müdafiə sənayesi sahələrində də uzun illərdir əməkdaşlıq edir. Azərbaycana Çexiyanın marağı gündən-günə artır. Bu, son dövrlərdə ticarət dövriyyəsində də aydın görünür. Çexiya 2024-cü ildə Azərbaycandan ən çox neft idxal edən ikinci ölkə olub. Biznes forumuna gəldikdə isə, Çexiya şirkətləri hazırda Azərbaycanda yüksək səviyyədə təmsil olunur və bu potensialın artacağı gözlənilir” – deyə deputat bildirib.
Tural Gəncəliyevin fikrincə, ticarət dövriyyəsinin bir milyard avronu keçərək daha da yüksəlməsi gündəmdədir. O qeyd edib ki, Çexiya Azərbaycan üçün həm də ona görə önəmlidir ki, Mərkəzi və Şərqi Avropada söz sahibi olan güclü ölkələrdən biridir. Əhalisi və ərazisi baxımından böyük olmasa da, siyasi çəkisi kifayət qədər yüksəkdir.
“Çexiyanın Azərbaycanla münasibətlərinin inkişafı, xüsusilə hazırkı baş nazir Andrey Babiş dövründə daha da sürətlənib. Babiş praqmatik yanaşma sərgiləyir və Azərbaycanla münasibətlərə real maraqlar prizmasından baxır. Bu səbəbdən belə siyasətçilərlə əməkdaşlıq daha effektiv nəticələr verir. Əvvəlki dövrlərdə bəzi hökumətlərdə Azərbaycana qarşı qərəzli yanaşmalar müşahidə olunurdu.
Çexiya Azərbaycanın ərazi bütövlüyünü daim tanıyıb. Lakin ermənipərəst qüvvələr zaman-zaman münasibətlərə təsir göstərməyə çalışıblar. Mən 2014–2018-ci illərdə Çexiyada diplomat kimi fəaliyyət göstərmişəm və deyə bilərəm ki, bu ölkədə erməni diasporu kifayət qədər fəal olub. Erməni kilsəsinin nümayəndəliyi də destruktiv fəaliyyət aparırdı. Amma müharibədən sonra bu təsir zəifləyib. Artıq bu qüvvələr Çexiya–Azərbaycan münasibətlərinə təsir edə bilmirlər. Bu gün Çexiya baş naziri Azərbaycana səfər edir, biznes forum keçirilir – bu, yeni mərhələnin göstəricisidir.
Ümumiyyətlə, Sovet dövründə də Çexiya ilə Azərbaycan arasında humanitar və iqtisadi əlaqələr mövcud olub. 1991-ci ildə Sovet İttifaqının dağılmasında mühüm rol oynayan Praqa hadisələri və Vaclav Havel kimi liderlərin fəaliyyəti Azərbaycan xalqının mübarizə ruhu ilə müəyyən paralellər təşkil edirdi. Bu baxımdan xalqlar arasında tarixi yaxınlıq mövcuddur.
Bu gün isə sənaye, təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlıq genişlənir. Çexiya hələ Çexoslovakiya dövründən güclü hərbi sənaye potensialına malik olub. Azərbaycan da bu sahəyə maraq göstərir. Bu isə münasibətlərin gələcək inkişaf perspektivlərini daha da gücləndirir” – deyə deputat vurğulayıb.
Deputat qeyd edib ki, Çexiyanın Mərkəzi və Şərqi Avropadakı coğrafi mövqeyi də xüsusi əhəmiyyət daşıyır. Bu ölkə həm tarixən Avstriya–Macarıstan imperiyasının mühüm hissəsi olub, həm də hazırda Avropa İttifaqı və NATO çərçivəsində önəmli aktordur.
“Uşeqrad qrupu çərçivəsində də Azərbaycan üçün Çexiya ilə münasibətlərin inkişafı vacibdir. Macarıstan, Polşa və Slovakiya ilə yanaşı, Çexiya ilə də əlaqələrin praqmatik əsasda qorunması Azərbaycanın maraqlarına uyğundur. Bu, Avropa İttifaqı daxilində yaxın tərəfdaşların sayını artırmağa imkan verir.
Humanitar və mədəni əlaqələr də önəmlidir. Azərbaycanlı turistlərin Çexiyanı seçməsi, çexlərin Azərbaycana səfərləri xalqlar arasında münasibətləri daha da möhkəmləndirir.
Bir sözlə, Qəbələdə keçirilən biznes forum və görüşlər Azərbaycan–Çexiya münasibətləri üçün çox yaxşı perspektivlər vəd edir” – deyə deputat fikrini yekunlaşdırıb.
İradə Cəlil, Bizimyol.info






