Bakıda Atatürk parkı ətrafında yerləşən böyük avtodayanacağın ləğv edilərək park ərazisinə birləşdirilməsi ilə bağlı qərar ictimai müzakirələrə səbəb olub.
Bizimyol.info xəbər verir ki, sakinlər həmin parkinqin uzun illərdir həm parkı ziyarət edənlər, həm də yaxınlıqdakı obyektlər üçün əsas rahatlıq mənbəyi olduğunu bildirirlər.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən verilən bu addım şəhər mühitinin yaxşılaşdırılması məqsədi ilə izah olunur. Lakin qərar ətrafında narahatlıqlar da var. Sakinlər qeyd edib ki, parkinq parka birləşsə ora gedən olmayacaq, restoranlar bağlanacaq nəticədə ən az 500 insan işsiz qalacaq.
- Ərazidəki parkinq çatışmazlığı necə həll olacaq? Alternativ parkinq nəzərdə tutulubmu?
Yaranan suallarla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq. Qurumdan Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib ki, Atatürk və Pişəvəri parklarının (Antena park kimi tanınan) birləşdirilməsinə sadəcə kiçik parkın salınması kimi baxmaq lazım deyil. Bu hissənin yenidən qurulması 2 böyük yaşıl zonanı birləşdirəcək və şəhərdə kəsintisiz piyada koridorunun tamamlanmasına imkan verəcək.
Məqsəd Bakı şəhərinin yalnız avtomobillər üçün deyil, insanlar üçün daha rahat və yaşıl etməkdir. Layihə tamamlandıqda bu dəyişikliyin faydası daha aydın görünəcək. Belə mərkəzi ərazinin sadəcə avtomobil dayanacağı kimi istifadə edilməsi şəhərin torpaq resursunun da israfıdır. Bu səbəbdən həmin ərazini cəmiyyət üçün daha faydalı və canlı bir məkana çeviririk.
Eyni zamanda əvvəlki parklanma sahəsi yalnız bir neçə nəfəri işlə təmin edirdisə, yeni yaradılacaq ictimai infrastruktur ərazinin biznes və turizm potensialını artıracaq, nəticədə daha çox insan üçün yeni iş yerləri yaranmış olacaq”.
AYNA həmçinin qeyd edib: ““Gənclik” paytaxtın ictimai nəqliyyatla ən rahat və əlçatan zonalarından biridir. Avtomobildən istifadə etmək istəyənlər üçün isə ərazidə alternativlər kifayət qədərdir. Belə ki, hazırda Koroğlu Rəhimov küçəsinin Həsən Əliyev və Fətəli xan Xoyski küçələri ilə kəsişməsində yerləşən parkın yeraltı dayanacığında 376, Tofiq Bəhramov adına Respublika Stadionunun dayanacağında 100, Atatürk prospekti boyunca 347 küçə parklanma yeri, "Gənclik Mall"da isə 900 parklanma yeri mövcuddur”.
Günel Həsənova, Bizimyol.info






