Bu il Azərbaycanda Məhərrəm ayı iyunun 16-da başlayacaq.
Aşura günü isə iyunun 25-nə təsadüf edir və bu gün Məhərrəmlik dövrünün ən mühüm günü hesab olunur.
Məhərrəmlikdən sonra Səfər ayı iyulun 15-də başlayacaq və təxminən bir ay davam edəcək.
İlahiyyatçı Əkrəm Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Məhərrəm ayının tarixi İslamdan əvvəlki ərəb cəmiyyətinə qədər uzanır: “Qurani-Kərimdə buyurulur: "Şübhəsiz ki, Allah yanında ayların sayı Allahın göyləri və yeri yaratdığı gündən bəri Allahın kitabında on ikidir. Onlardan dördü haram aylardır." (Tövbə surəsi, 36)
İslam alimlərinin əksəriyyəti bu dörd haram aydan birinin Məhərrəm olduğunu bildirmişlər. Cahiliyyət dövründə belə bu aylarda müharibə və qan tökmək qadağan hesab edilirdi. İslam da bu ənənəni təsdiqləmişdir.
Lakin Məhərrəm ayını müsəlmanların qəlbində fərqli edən əsas hadisə hicri 61-ci ildə, miladi 680-ci ildə baş vermiş Kərbəla faciəsidir. Peyğəmbər Məhəmmədin (s.ə.s) nəvəsi İmam Hüseyn (əleyhissalam), ailəsi və silahdaşları İraqdakı Kərbəla səhrasında mühasirəyə alınaraq şəhid edilmişdir. Bu hadisə təkcə şiə dünyasının deyil, bütün İslam tarixinin ən ağrılı hadisələrindən biri hesab olunur”.
Tarixçilər qeyd edirlər ki, Kərbəla hadisəsi sadəcə siyasi qarşıdurma deyildi. Bu hadisə vicdanla hakimiyyətin, ədalətlə zorakılığın, haqqla gücün qarşılaşması idi. Məhz buna görə əsrlər boyu İmam Hüseyn adı zülmə qarşı müqavimətin simvoluna çevrilmişdir.
Əkrəm Həsənov qeyd edir ki, məşhur sünni alim İbn Kəsir, imam Zəhəbi, İbn Həcər əl-Əsqəlani kimi alimlər də Kərbəla faciəsini İslam tarixinin ən böyük müsibətlərindən biri kimi qiymətləndirmişlər. İmam Qəzali isə haqq uğrunda fədakarlığın insan vicdanında əbədi yaşadığını qeyd etmişdir.
“Azərbaycan xalqı tarix boyu Məhərrəm ayına xüsusi hörmətlə yanaşıb. Ölkəmizdə Kərbəla şəhidləri ilə bağlı mərasimlər, dini söhbətlər, Quran məclisləri, ehsanlar və xeyriyyə tədbirləri keçirilir. Bu mərasimlər təkcə dini ənənə deyil, həm də milli-mənəvi yaddaşın bir hissəsinə çevrilmişdir.
Son illərdə Azərbaycanda Aşura gününün qanvermə aksiyaları ilə qeyd olunması xüsusilə diqqət çəkir. Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə keçirilən bu aksiyalar nəticəsində minlərlə xəstəyə yardım göstərilir. Beləliklə, Kərbəla mesajı matəmdən daha çox insan həyatını xilas edən əmələ çevrilir”, – deyən ilahiyyatçı vurğulayıb ki, Məhərrəm ayında insanlar arasında müxtəlif adətlər mövcuddur. Bəzi ailələr toy və şənlikləri təxirə salır, dini məclislərdə iştirak edir, ehsan verir və xeyriyyə işləri görürlər. Bununla yanaşı, İslam alimləri vurğulayırlar ki, dinimiz insanın həyatını tamamilə dayandırmağı tələb etmir. Əsas məqsəd Kərbəla hadisəsindən dərs almaq, mənəvi özünütərbiyə ilə məşğul olmaq, haqsızlığa qarşı həssaslığı artırmaqdır.
Peyğəmbərimiz (s.ə.s) buyurmuşdur: "Ramazandan sonra ən fəzilətli oruc Allahın ayı olan Məhərrəm ayında tutulan orucdur." (Səhih Müslim)
Bu hədis göstərir ki, Məhərrəm yalnız hüzn ayı deyil, həm də ibadət, tövbə və mənəvi yenilənmə ayıdır.
İlahiyyatçı vurğulayıb ki, Aşura günü ilə bağlı sünni mənbələrində Musa peyğəmbərin (əleyhissalam) Fironun zülmündən qurtuluşuna görə oruc tutulması barədə hədislər də mövcuddur. Buna görə bir çox müsəlmanlar Aşura günü, yaxud ondan bir gün əvvəl və ya bir gün sonra oruc tuturlar.
İradə Cəlil, Bizimyol.info






