Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"52 ailəni qanı bahasına ölümdən xilas etmişdi..."
"52 ailəni qanı bahasına ölümdən xilas etmişdi..."

1-ci Dərəcəli “Rəşadət” Ordeni ilə təltif olunmuş Vasif Tağıyevin anası ilə söhbətimiz

Seyran Səxavətin 80 illik yubileyi münasibəti ilə Azərbaycan Dövlət Filarmoniyasında keçirilən tədbirdə sevilən yazıçı-şairi təbrik edənlər sırasında, təbii olaraq qadınlar çox idi. Təbrikə gələnlərin hər birini ayrı-ayrılıqda təqdim edib, təşəkkürünü bildirən Seyran bəy həmin sırada bir xanımı xüsusi, fəxrlə vurğuladı:” Azərbaycanın İrandakı Səfirliyinə mənfur terrorçunun hücumu yəqin ki, hamınızın yadındadır. Həmin terrorçunu yalın əllə zərərsizləşdirən, atəş açan avtomat silahın darağını çıxaran və Səfirlik binasında məskunlaşan neçə-neçə ailəni xilas edən igidimiz Vasif Tağıyevi, bax,bu qadın doğub.

Qəhrəmanın anası, bax, həmin bu qadındır – Təranə Tağıyeva.”

Səhnədə Xurşidbanu Natəvan ədasında, şux görkəmdə, məğrur bir Ana dayanmışdı. Keçirdiyi qürur və sevinc hissi kövrəlmiş gözlərindən axmaq istəyən yaşa sərhəd çəksə də, həyəcanını cilovlasa da, ana nəvazişli səsi ilə zaldakı izləyicilərin qəlbini titrətmişdi.

Vasif Tağıyev haqqında “Əliyalın iradənin adı – Vasif Tağıyev” adlı məqaləni yazmamışdan əvvəl anası ilə görüşüb qəhrəmanımız haqqında daha ətraflı məlumat əldə etmək istədim. Görüşdük. Mehribanlığı və səmimiliyi gözəlliyi ilə birləşib ananın simasını nurlandırırdı. Məğrur olduğu qədər də kövrək ana.

Məqaləni yazanda Təranə ana ilə söhbətimizə (bəli, məhz “söhbətimiz” yazıram, çünki bizim ünsiyyətimiz o qədər səmimi və sevgi ilə dolu idi ki, ona “müsahibə” donu geyindirmək günah olardı.) bir neçə dəfə qulaq asdıqdan sonra qərara gəldim ki, şücaətli övladının, mərdliyi ilə böyütdüyü oğunun qəhrəmanlığından fəxr, həyəcan və ürəklə söhbət edən ana ilə görüşümüzü ayrıca bir esse-söhbət kimi qələmə alım.

Təranə ana Vasifin uşaqlığından danışanda, söhbətə Şuşa ilə başladı. Təsəvvür edirsiz, anaya oğlunun uşaqlığından danış deyirəm və o, həmin dövrdə Şuşanın çətin vəziyyətindən, komendat saatı olmasından, ora gətirilən silah-sursatdan çiynindəki ağır bir yükmüş kimi danışır?!

Baxışları dərin boşluğa zillənir. Elə bil həmin an Şuşanın sıxıntısı ilə birə beş artan doğum sancısının ağrısını canında təkrar hiss edirdi...

- Komendant saatında doğuldu Vasif...

1989-cu ilin martında. O vaxt Şuşada hadisələr təzə-təzə başlayırdı. Tanklar, raketlər, BTR-lər bütün şəhərə düzülmüşdü. Xocalı soyqırımından sonra, mart ayında şəhərdən qadınları, uşaqları və yaşlıları çıxardılar. Vasif Şuşanı elə çox görmədi. Amma, bilmirəm, yadında qalıbmı, ya bizim danışdıqlarımız yaddaşına həkk olunubmu?! Elə hey deyirdi: ”...Şuşada eyvandan baxanda gördüyüm o tanklar, BTR-lər heç yadımdan çıxmır.”

Faciənin böyüklüyünə bax, İlahi, 3-4 yaşında uşağın ayaqyalın qaçmağı, gizlənqaçda tapılmamağı, velosiped təkərinə sim keçirib maşın sürürmüş kimi oynamağı yadında qalacağı halda, eyvandan baxanda gördüyü od püskürən dəmir əjdahalar daş kimi asılıb xatirəsindən.

Sonra Bakıya gəldik, dəniz qırağında məcburi köçkünlərin kütləvi məskunlaşdığı bir məkana yerləşdik. Çox çətin günlər idi. Hər an ümidlə gözləyirdik, Şuşaya ya bu gün qayıdarıq, ya sabah.

Beləcə 30 illik ömür-gün gəlib-keçdi... Vasif Xocalı məktəbinə getdi və ordan da məzun oldu. Məktəb illərində də çox mehriban uşaq idi. Həm tay-tuşları, həm də müəllimləri çox istəyirdilər onu. Uşaqlıqdan mərd, vətənsevər, istiqanlı idi.

Vasifdi də, başqa nə deyim ki?! (Gülümsəyir) Çox qəşəng xətti var Vasifin, hərfləri elə yazır, elə bil muncuq düzür.

Hərbi xidmətini də Milli Qvardiyada başa vurduqdan sonra Prezidentin Mühafizə Xidmətində işə düzəldi. Əsgərlikdə olanda hərbi hissədən təşəkkür məktubu da gəlmişdi Vasifə görə. Bu da çox qürurverici idi: tərbiyyə etdiyimiz övladımızın nümunəvi davranışına görə valideyini olaraq təşəkkür edilirdi, təqdir edilirdik.

Çox kövrəlmişdik.

Sonrakı illərdə artıq xarici kəşfiyyata keçdi və fərqli-fərqli ölklərdə xidmət etməyə başladı: Türkiyə, İran, Gürcüstan, Rusiya, Ukrayna.

Ukraynaya və İrana iki dəfə gedib. İndi də Ukrayinada o odun-alovun içindədir. Öz istəyi ilə ora getdi..."

(Yenə də dərin boşluğa baxıb, fikrə gedir.)

- Müsahibələrinizdə demisiniz ki, ikinci dəfə oranı seçməyinə səbəb rəhmətlik Orxan Əsgərovla birlikdə ilk təyinatının məhz Ukraynaya verilməsi olub.

- Maşallah, hər şeyi araşdırıb, öyrənib, gəlmisən, ay qızım. Söhbət əsnasında hərdən elə şey deyirsən, sən deyəndən sonra yadıma düşür ki, hə, belə bir məqam da var idi.

Doğrudur, ilk diplomatik xidmətinə rəhmətlik Orxan Əsgərovla birlikdə Ukraynada başlamışdı. Həmin hücum zamanı təəssüf ki, Orxan şəhid oldu.

Vasifin də Ukraynada işləməsi bizim üçün çox çətindir, demək olar, hər gün həyəcan siqnalı verilir. Amma Vasifdi də... Özü getdi.

Elə İrana da ikinci dəfə gedəndə orda vəziyyət yaxşı deyildi. Sosial şəbəkələrdə təhdid videoları yayılmışdı. Deyilirdi ki, Azərbaycandan gələn yük maşınlarına, Azərbaycan Səfirliyinə hücumlar təşkil olunacaq. Buna baxmayaraq, 2022-ci il noyabrın 26-da Vasif ora getdi. Çox nigaran idik. Hər gün danışsaq da içimizdə bir təlaş var idi. 2023-cü il yanvarın 27-də də bu hadisə baş verdi.

- Hadisəni siz nə vaxt öyrəndiniz?

- Həmin gün səhər, işə getməmişdən əvvəl, saat səkkizin yarısı olardı, Vasiflə danışmışdım. Demişdi ki, o da indi işə enəcək. "Sakitlikdir, hər şey yaxşıdı, nigaran qalmayın" demişdi. Səfirliyin binasının üst mərtəbələrində səfirlik əməkdaşlarının ailələri, nisbətən alt mərtəbədə orada xidmət göstərən əməkdaşlar yaşayırdı. Birinci mərtəbədə səfirliyin ofisi yerləşirdi.

Saat hardasa doqquz olardı yoldaşım zəng elədi və dedi: ”Birdən xəbərlərdə bir şey eşidərsən, narahat olma ha, Vasiflə özüm danışdım, hər şey yaxşıdır. Səfirlikdə hadisə olub, Vasif yaxşıdır, Orxan isə... Şəhid olub.”

“Orxan şəhid olub” – deyəndə elə bildim ki, dünya başıma çökdü. (Ağladı...) Vasiflə çox yaxın dost idilər. Orxan şəhid olubsa, bildim ki, Vasifin də vəziyyəti yaxşı ola bilməz. Bəlkə yüz dəfə zəng elədim Vasifə, cavab vermədi. Axırda səs atdım ki, mamanqurban, bircə zəng elə, özünü görüm, bilim ki, salamatsan, sonra daha sənə yığmayacam.

Bir az sonra görüntülü zəng elədi, üzü-gözü qan içindəydi, yavaş səslə dedi: ”Mama, nigaran qalma, yaxşıyam, danışa bilmirəm, sağ olun.” İnanırsan, həmin hadisədən sonra xəstəlik tapdım. Elə indi də çantamda dava-dərmanla gəzirəm. Allah heç bir ananı övladı ilə sınağa çəkməsin.

- Hadisənin sonrakı günlərində oğlunuzla əlaqə saxlaya bilirdinizmi?

- Vasifin özü ilə əlaqə saxlaya bilmirdik. Ancaq orda olan bir dostu ilə tez-tez danışırdıq. O da deyirdi: "Telefonu verəcəm, danışacaqsız, bir az başı qarışıqdır, müsahibə verir". Sən demə, yalandan deyirmiş hamısını. Sən demə, Vasif əməliyyatdaymış. Görüntülü danışanda da özünü o qədər gümrah göstərmişdi ki, heç birimizin ağlına da gəlmirdi, o cür yaralana bilər.

- Çiynindən və çənəsindən yaralanmışdı, hə?

- Hə, birinci güllə çiynindən dəyib, kürəyindən çıxmışdı, ikinci isə çənəsinin sol tərəfindən dəyib yanağından çıxmışdı. Bütün günü Vasifdən xəbər gözlədik, özü ilə danışa bilmədik.

Bir gün sonra dedilər ki, Vasifin iş yerindən bizə kimsə gələcək. Ürəyim uçunurdu, elə bilirdim Vasifdən pis xəbər gətirəcək gələnlər. Günorta saat bir olardı, gözlədiyimiz adamlar gəldi. Elə qapıdan girən kimi biri dedi: ”Çox şükür, Vasif salamatdır. Uğurla əməliyyat olunub, vəziyyəti yaxşıdir.” İnanın ki, o an ayaqlarım əsdi, özümü toplayıb soruşa da bilmirdim ki, nə əməliyyatdı? Axı görüntülü danışmışdım, heç nəyi yox idi.

- Deyəsən, əməliyyat zamanı kliniki ölüm də keçirib, hə?

- Elə İranda əməliyyat olunub, doqquz saat da koma vəziyyətində qalıb Vasif. Dostu da min bir bəhanə ilə bizi aldadırmış. Sonralar bildim, bacım oğluna deyibmiş ki, Vasif güllə yarası alıb, əməliyyatdadır, komaya düşüb.

Hətta ayılandan sonra, görüntülü danışanda da güllə yarası aldığını, komaya düşdüyünü deyən yox idi. Elə bilirdik ki, şüşə qırığıdır, nədirsə dəyib yaralayıb onu atışma anında. Sonra özü mediaya müsahibə verəndə dedi, öyrəndik ki, iki güllə yarası alıbmış.

- Maraqlı bir məqam odur ki, Vasif bəy, terrorçunu zərərsizləşdirdikdən sonra belə onu öldürmür, binadan çölə çıxarır.

- İnsanın o anda bu qədər təmkinli yanaşmasının və düşünülmüş hərəkət etməsinin özü belə böyük şücaət göstəricisidir. Yanılmıramsa, avtomatın darağını belə silahdan atəş açıla-açıla çıxarmışdı.

Elə çənəsidən ikinci güllə yarasını terrorçunu binadan uzaqlaşdırandan sonra alır. Demək, onun əlindəki silahı alır və çölə çıxarıb, uzaqlaşdırır. Nə bilsin ki, bunun cibində tapança da var. O da: “Səni öldürəcəm, hamınızı öldürəcəm”- deyib, cibindəki tapançanı çıxarır və çənəsinə atəş açır, süpürləşirlər orda. Bundan sonra da Vasif onu buraxmır və İran polisi gələnə qədər eləcə saxlayır. Sonradan həmin hadisənin video görüntülərinə baxanda Vasif dəqiqliyi ilə olanları anbaan danışır və göstərirdi bizə. Həmin an özü də hiss eləməyibmiş ki, çənəsindən güllə dəyib.

- Həmin an orada xilas etməli olduğu şəxslərin, ailələrin məsuliyyətinin ağırlığı güllə yarasının ağrısına güc gəlibmiş, deməli.

- Qızım, görürəm, hadisənin yayılan videolarını sən də izləmisən və bu barədə geniş məlumatın var. İnan ki, sizi belə görəndə elə bilirəm ki, bir yox, çox bacısı var, qardaşları var. O vaxt da mətbuat nümayəndələri yaxından izləyirdilər, araşdırırdılar. Vasifin səhhəti ilə bağlı narahat olurdular, tez-tez zəng edib hal-əhval tuturdular. Elə indi də hamısı ilə ünsiyətimiz, yaxınlığımız davam edir. Allah hər birinizdən razı olsun.

- Bizim qürurumuz olan qəhrəmanlar haqqında yazmaq, yazmasaq da belə, onlar haqqında oxuyaraq, araşdırma aparıb öz uşaqlarımıza bu mərdlik, cəsarət məktəbini, örnəyini nümunə çəkmək ən azından mənəvi borcumuzdur. Biz sizə təşəkkür etməliyik ki, bu cür oğlunuz var. Görün, onun sayəsində neçə ailə gözüyaşlı qalmadı. Canı, qanı bahasına, əliyalın xilas etdi onları Vasif.

Sonralar Vasif deyirdi ki, əgər həmin gün orda ailələrdən birinə, uşaqlardan birinə nəsə olsaydı, özünü heç vaxt bağışlaya bilməzdi. 52 ailənin hər bir üzvü Vasifin anası, bacısı, qardaşı idi. Burda da elə sizin hamınız, bütün Azərbaycan xalqı. İndiyə qədər də ordakı ailələr, gəlinlər mənimlə əlaqə saxlayırlar, bayramlarımı təbrik edirlər. Uşaqların hər ad günündə yazırlar ki: ”Təranə xala, Vasif müəllimin səbəbinə biz və bizim uşaqlarımız yaşayırıq.” Mən o qədər kövrəlirəm ki, belə sözləri eşidəndə, oxuyanda. Həmin hadisələrdə orda olan bir qızımız var - Kənanə, o deyirdi: ”Təranə xala, elə bil, yenidən Xocalı faciəsini yaşadıq biz orda. Uşaqları yatdığı yerdə, ayaqyalın, başıaçıq götürüb yuxarı qaçırtmışdıq o soyuq yanvar ayında. Vasif hamımızı xilas elədi.” (Ağlayır)

Fürsəti olanlar burdakı ailələrinə yığıb deyiblər ki, biz ölürük daha, hallalaşaq. Nə qədər həyəcan, qorxu keçirib hamısı.

Orda Elçin adında bir oğlan var idi, onun anası deyirdi:” Təranə bacı, qoy gəlim Vasifə, heç olmasa, bircə gün qulluq edim, ürəyim təskinlik tapsın. Balamın da, balamın ailəsinin də, nəvələrimin də sağ qalmasına göydə Allah, yerdə Vasif səbəbkar olub, onları ölümün pəncəsindən qurtarıb.”

Bunların hamısı qürurvericidir. Təyyarədən o uşaqlar düşdükcə, elə sevinirdim ki, ay Allah, bunların hamısını Vasif xilas edib. O an öz oğlum kimi yox, bir azərbaycanlı kimi fəxr edirdim Vasiflə.

- Sizin bu cür qürur və fəxrlə danışmağınız da nəinki mənə və əminəm ki, bütün Azərbaycan analarına örnəkdir: ana öz qəhrəman oğlu ilə ilk növbədə bir vətəndaş kimi qürur duyur.

- Mən o uşaqların təyyarədən sağ- salamat düşdüyünü gördükcə, fikrləşirdim ki, ay Allah, Vasif həmin an öz ailəsini, öz uşaqlarını fikirləşməyib. Yoxsa bu uşaqları, bu ailələri necə xilas edərdi. Nə yaxşı ki, o an yalnız orda olan uşaqları xilas etməyi düşünüb. Vasif hadisə zamanı üç balasını fikirləşib, arxa qapıdan qaça da bilərdi, buna şansı da var idi. Amma nə yaxşı ki, o mübarizəni seçdi, nə yaxşı ki onlarla ailənin üzünü güldürdü.

- Müsahibələrinizdə bir məqam xüsusilə diqqətimi çəkdi, deyirsiniz ki, 1-ci Dərəcəli “Rəşadət” Ordeni ilə təltif olunmağını sevinə-sevinə ilk dəfə özü deyib sizə. Həm də sərbəst danışa bilmədiyi halda bunu sizə izah edib.

- Ay qızım, necə diqqətlə izləmisən prosesləri (gülür.) Xəstəxanadan zəng elədi, gördüm, kövrəlib. Sol tərəfdən ağız nayihəsinin damarlarını tikmişdilər və dəmir qoyulmuşdu ora. Bir zülümnən, bir təhər dedi: ”Prezident məni “Rəşadət” Ordeni ilə təltif edib.” – sonra yenə də kövrəldi. Xəbəri verdiyi anı uşaqlar şəkil kimi çəkiblər, heyf ki, videoya çəkilməyib. O da, biz də çox sevinmişdik.

Azərbaycanda 1-ci Dərəcəli “Rəşadət” Ordeni ilə təltif olunan beşinci şəxs Vasif Tağıyev oldu. Əlbəttə,bu çox seviniləsi və qürur duyulası bir haldır. Həqiqətən də layiqdir.

- Təranə xanım, sizə desəm ki, bir Azərbaycan xanımı kimi, bir ana kimi və yaxud, ümumiyyətlə bir azərbaycanlı kimi Vasifi üç sözlə təqdim edin bizə, necə təqdim edərsiniz?

- Deyərəm, o, mənim ürəyimdi.

Onunla nəfəs alıram mən. Elə əvvəl də, yəni hadisədən qabaq da hamıya deyirdim ki, kim məni çox istəyirsə, məni yox, elə Vasifi çox istəsin.

Onun xarakterini sözlə ifadə etsəm – canıyanımcıl, dostluğa sadiq (özünüz də gördünüz də), bir də şəndir. Hansı toyumuz və ya məclismzdə Vasif olmasa biraz sönük keçir. Amma Vasif olanda məclisə özünəməxsus bir şən əhval-ruhiyyə qatır. Çox şən biridir.

- Vasifin hansı davranışı, hansı sözü sizi həmişə kövrəldir?

- Bir mənə “Təriş-Təriş” deməyi, bir də onun boynundan öpürəm həmişə. İndi də doğmalarımızdan kim yanına getsə, deyirəm ki, mənim əvəzimdən onun boynundan öpün. Elə bilirəm onun uşaqlığının, yeniyetməliyinin, indisinin qoxusu boynuna hopub. Özü uzaqda olanda da burnuma o qoxusu gəlir həmişə.

- Bir ana kimi ürəyinizdə elə bir söz olubmu, onu demək istəyəsiniz Vasifə, amma deməmisiniz?

- Vasifə ancaq xəstələnəndə, təzyiqim qalxanda, haramsa ağrıyanda, nəsə bir narahatlıq olanda, demirəm, hamıya da tapşırıram ki, deməsinlər. Amma demək istədiyim bir söz var, onu da həmişə deyirəm özünə, ürəyimdə saxlamıram. Deyirəm:”Maman saa qurban”. Həmişə ona bircə bu cümləni demək istəyirəm və deyirəm. O da məni hamıdan çox istəyir.

Bax, mən sənə hər şeyi danışıram, amma hələ səndən heç nə soruşmamışam ha. Mən də səndən müahibə alacam. (Gülürük)

- Təranə xanım, necə düşünürsüz? İnsanlar qəhrəman doğulurlar, genlər vasitəsilə ötürülür, ya sonradan bu bir xarakter, bir xüsusiyyət kimi formalaşır adamda?

- Yəqin ki, elə qəhrəman doğulurlar. Adamın qanında igidlik, mərdlik, vətənpərvərlik olmalıdır ki, qəhrəmanlıq edə bilsin. Bir sual da mən sənə verim, bəs sən necə düşünürsən?

- Mən də düşünürəm ki, mərdik, cəsurluq genlə keçir, qəhrəman doğulurlar. Sonradan xasiyyətdə formalaşan qəhrəmanlıq biraz yamaq kimi görünür.

- Nə gözəl dedin, həqiqətən də insanın mərdliyi, şücaəti elə geni ilə ötürülür. Atalar əbəs yerə deməyib ki, ot kökü üstə bitər. Sonrdan gələn həqiqətən də yamaq kimi olur.

Düzdü ey, analar həmişə oğullarını qəhrəman bilirlər, evdə də, bayırda da. Biz hər yerdə elə bilirik ki, oğlumuz qəhrəmandır.

- Təranə xanım, maraqlı və səmimi söhbətiniz üçün təşəkkür edirəm sizə.

- Xoş oldu, Vallah. Gələndə fikirləşirdim ki, tanımadığım biridir, görəsən, münasibətimiz, söhbətimiz tutar, ya yox. Amma o qədər ürəyimə yatdın ki, indi heç ayrılmaq istəmirəm səndən. Hamı ilə az-çox münasibət qurmaq olur ey, ancaq sən lap ürəyimcə oldun, Pərvanə xanım.

- Mənim üçün də həm fəxr ediləsi bir haldır ki, qəhrəmanımızı dünyaya gətirən ana ilə həmsöhbət oldum, həm də Sizin kimi səmimi, gözəl bir xanımı tanıdım. Bir daha əmin oldum ki, Vasifin timsalında olan bütün qəhrəman oğulları məhz elə sizin kimi mərd, qəhrəman analar dünyaya gətirə bilər.

Pərvanə Eyvazqızı

Son xəbərlər
Bütün xəbərlər »