Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Buraxılış imtahanında maksimum 300 bal toplayan Burlaxatun Məcidli: “Bu uğur illərlə çəkdiyim zəhmətin, əzmin və inamın göstəricisidir”
Buraxılış imtahanında maksimum 300 bal toplayan Burlaxatun Məcidli: “Bu uğur illərlə çəkdiyim zəhmətin, əzmin və inamın göstəricisidir”

15 mart 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanında maksimum 300 bal toplayan şagirdlərdən biri də Burlaxatun Bəhruz qızı Məcidlidir. Mingəçevir şəhər Təbiət – Riyaziyyat və Humanitar Elmlər Təmayüllü liseyin şagirdi ən yüksən nəticə göstərərək abituriyentlər sırasında yer alıb.

Təəssüratlarını bizimlə bölüşən Burlaxatun Məcidli Bizimyol.info xəbər portalına bildirib ki, onun hədəflərinin başlanğıcı 9-cu sinifdə buraxılış imtahanında göstərdiyi yüksək nəticə oldu: “Mən məktəb illərim boyunca dərslərimə ciddi yanaşmağa, biliklərimi davamlı şəkildə inkişaf etdirməyə çalışmışam. Bu zəhmətin ilk böyük nəticəsini 9-cu sinfin buraxılış imtahanında 297 bal toplayaraq gördüm. Bu nəticə mənim üçün yeni hədəflərin başlanğıcı oldu və məni daha böyük uğurlara doğru ruhlandırdı.

Daha böyük məqsədlərlə yoluma davam edərək 11-ci sinifdə buraxılış imtahanında maksimum nəticə - 300 bal əldə etdim. Bu uğur mənim üçün sadəcə bir rəqəm deyil, illərlə çəkdiyim zəhmətin, əzmin və inamın göstəricisidir”.

Burlaxatun Məcidli qeyd edib ki, müəllimlərinin verdiyi bilik və istiqamət onun inkişafında mühüm rol oynayıb: “Bu yolda ailəmin dəstəyi mənim üçün ən böyük güc olub. Mənə göstərdikləri qayğıya və yaratdıqları şəraitə görə onlara dərin minnətdarlığımı bildirirəm. Eyni zamanda müəllimlərimin verdiyi bilik və istiqamət mənim inkişafımda mühüm rol oynayıb. Xüsusilə riyaziyyat sahəsində qazandığım nailiyyətlərə görə xalam Nailə müəllimə təşəkkür edirəm. Onun dəstəyi və izahları riyazi düşüncəmin formalaşmasında böyük rol oynayıb”.

Burlaxatun Məcidli əlavə edib: “İnanıram ki, bu uğur gələcəkdə daha böyük nailiyyətlərə çatmağım üçün möhkəm bir təməl olacaq”.

Qeyd edək ki, Burlaxatunun əkiz bacısı Banu Məcidli də buraxılış imtahanında yüksək nəticə göstərərək 266.7 bal toplayıb.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »