Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əmanətçilər üçün vacib sual: bank müflisləşərsə nə baş verir?
Əmanətçilər üçün vacib sual: bank müflisləşərsə nə baş verir?

Son illərdə bank sektorunda aparılan islahatlara baxmayaraq, əmanətçilərin vəsaitlərinin qorunması məsələsi hələ də aktuallığını qoruyur. Bankların bağlanması və ya müflisləşməsi hallarında vətəndaşların maliyyə təhlükəsizliyinin necə təmin olunması xüsusi diqqət tələb edir.

Bank bağlanarsa, əmanətlər nə olacaq? Bu sual bir çox vətəndaşı narahat edir. Hazırkı mexanizmlər bu riskləri nə dərəcədə aradan qaldırır və əmanətçilər hansı hallarda qorunur?

İqtisadçı Asif İbrahimov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bankların fəaliyyəti dayandırılanda və ya lisenziyası ləğv olunanda əmanətçilərin hüquqlarının qorunması maliyyə sabitliyi və ictimai etimad baxımından xüsusi əhəmiyyət daşıyır: “Qüvvədə olan qanunvericiliyə əsasən, Azərbaycanda fiziki şəxslərin banklardakı əmanətləri Əmanətlərin Sığortalanması Fondu vasitəsilə müəyyən olunmuş qaydalar çərçivəsində qorunur və kompensasiya edilir.

Əmanətlərin sığortalanması mexanizmi bank sektorunda sistem risklərini azaltmağa, əmanətçiləri mümkün maliyyə itkilərindən qorumağa və ümumi maliyyə sabitliyini təmin etməyə xidmət edir”.

İqtisadçı vurğulayıb ki, bankın müflisləşməsi və ya ləğvi hallarında sığortalanmış əmanətlər qanunvericiliklə müəyyən olunmuş limitlər daxilində geri ödənilir.

Asif İbrahimov bildirib ki, bu mexanizm yalnız müəyyən şərtlərə cavab verən əmanətlərə şamil olunur. Buraya bankın sığorta sistemində iştirakı, əmanətin müəyyən edilmiş faiz və məbləğ limitlərinə uyğunluğu və normativ tələblərə cavab verməsi daxildir.

İqtisadçı qeyd edib ki, son illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankı bank sektorunda beynəlxalq standartlara uyğun geniş islahatlar həyata keçirib.

“Bu islahatlar bank nəzarətinin gücləndirilməsi, risk əsaslı prudensial tənzimləmə sisteminin tətbiqi və maliyyə sabitliyinin möhkəmləndirilməsi baxımından mühüm rol oynayıb. Likvidlik risklərini minimuma endirmək üçün banklar üçün daha sərt göstəricilər və monitorinq mexanizmləri tətbiq edilib.

Kapital adekvatlığı və stres-test tələbləri gücləndirilib, bankların şoklara davamlılığı artırılıb, risklərin idarə olunması üzrə beynəlxalq standartlar — Basel prinsipləri mərhələli şəkildə tətbiq edilib.

Korporativ idarəetmə və daxili nəzarət mexanizmləri təkmilləşdirilib, banklarda risk mədəniyyətinin formalaşdırılması təşviq olunub, sektorun sağlamlaşdırılması və konsolidasiyası istiqamətində addımlar atılıb və sistem riskləri azaldılıb”, – deyə iqtisadçı bildirib.

Asif İbrahimov qeyd edib ki, bu islahatlar bank sektorunun dayanıqlığını artırıb, əmanətlərin qorunması mexanizmini daha da gücləndirib.

Asif İbrahimov əlavə edib ki, maliyyə bazarlarında şəffaflığın artırılması və risklərin erkən müəyyən olunması üçün yeni nəzarət yanaşmaları tətbiq edilib.

Ümumilikdə, həyata keçirilən institusional və tənzimləyici islahatlar bank sistemində etibarlılığı artırmağa, əmanətçilərin hüquqlarını daha güclü qorumağa və maliyyə sektorunun qlobal standartlara uyğun inkişafına xidmət edir: “Bütün bunlarla yanaşı, vətəndaşlara tövsiyə olunur ki, əmanət yerləşdirərkən bankın sığortalanma statusu, faiz dərəcələri və risk amilləri diqqətlə nəzərdən keçirilsin.

Azərbaycanın bank-maliyyə sistemi əmanətçilərin hüquqlarının qorunması və maliyyə sabitliyinin təmin olunması istiqamətində fəaliyyətini davam etdirir”.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »