İran ABŞ və İsrailin zərbələrinə baxmayaraq, Vaşinqtonun ictimai açıqlamalarında iddia edildiyindən daha böyük hərbi potensialını qoruyub saxlayıb.
Bizimyol.info xəbər verir ki, bu barədə "CBS News" ABŞ kəşfiyyat məlumatları ilə tanış olan rəsmi mənbələrə istinadən xəbər verib.
Məlumata görə, aprelin 8-də qüvvəyə minən atəşkəsə qədər İran ballistik raketlərinin və buraxılış qurğularının təxminən yarısını saxlayıb. Həmçinin İran ordusunun Hərbi Dəniz Qüvvələrinin bir hissəsi zədələnsə də, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dəniz qüvvələrinin təxminən 60 faizi, o cümlədən Hörmüz boğazına nəzarətdə istifadə edilən sürətli hücum katerləri və kiçik gəmilər tam funksional vəziyyətdə qalıb.
Mənbələr bildirir ki, İranın hərbi hava qüvvələri də tam sıradan çıxarılmayıb və ABŞ-İsrail əməliyyatlarından sonra təxminən üçdə iki hissəsi hələ də fəaliyyət göstərir.
"CBS"ə danışan rəsmi şəxslərin bu məlumatları ABŞ prezidenti Donald Tramp və Pentaqon rəhbəri Pit Heqsetin İranın hərbi potensialının “tamamilə məhv edildiyi” barədə açıqlamaları ilə ziddiyyət təşkil edir.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Aprelin 7-də Donald Tramp iki həftəlik qarşılıqlı atəşkəs elan edib. İran tərəfinin məlumatına görə, 40 gün davam edən döyüşlərdə 3 375 nəfər həlak olub.
Aprelin 11-də Tehran və Vaşinqton İslamabadda danışıqlar aparsa da, tərəflər uzunmüddətli razılaşmaya nail ola bilməyiblər. Aprelin 21-də ABŞ atəşkəsin uzadılacağını açıqlayıb, lakin İran bunu birtərəfli qərar kimi qəbul etməyəcəyini bildirib.
İranın BMT-dəki nümayəndəsi isə danışıqların yalnız ABŞ sanksiyaları və dəniz blokadası aradan qaldırılarsa bərpa oluna biləcəyini qeyd edib.
Qadir, Bizimyol.info






