Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi: “Seçim zamanı qan qrupu uyğunluğu, tibbi göstəricilər, təcili tibbi ehtiyac nəzərə alınır”
Hazırda 1300-dən çox şəxs orqan transplantasiyası üçün gözləmə siyahısındadır. Bizimyol.info xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verib.
Bildirilib ki, ölümündən sonra orqanlarını bağışlamaq üçün müraciət edən şəxslərin sayı isə 1400-ü keçib.
- Ümumilikdə gözləmə müddəti orta hesabla nə qədərdir?
- Gözləmə siyahısında Bakı ilə bölgələr arasında nə kimi fərqlər müşahidə olunur?
Yaranan suallara cavab tapmaq üçün Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə sorğu ünvanladıq. Qurumdan Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib ki, gözləmə müddəti fərdi xarakter daşıyır.
Sual: Ümumilikdə gözləmə müddəti orta hesabla nə qədərdir?
Cavab: “Orqan transplantasiyasında sabit və hamı üçün eyni olan “ortalama gözləmə müddəti” anlayışı mövcud deyil. Bu sahədə gözləmə müddəti birbaşa olaraq uyğun donor orqanının mövcudluğu ilə bağlıdır.
Kadaver donor orqanı müəyyən edildiyi anda resipiyent seçimi təsdiq edilmiş tibbi meyarlar və vahid elektron gözləmə siyahısı əsasında aparılır. Seçim zamanı qan qrupu uyğunluğu, tibbi göstəricilər, təcili tibbi ehtiyac və digər klinik faktorlar nəzərə alınır. Buna görə də gözləmə müddəti fərdi xarakter daşıyır və hər bir xəstə üçün tibbi göstəricilərdən asılı olaraq dəyişir”.
Sual: Gözləmə siyahısında Bakı ilə bölgələr arasında nə kimi fərqlər müşahidə olunur?
Cavab: “Gözləmə siyahısında paytaxt və bölgələr üzrə hər hansı üstünlük və ya fərqləndirmə mövcud deyil. Bütün resipiyentlər yaşayış yerindən asılı olmayaraq eyni qaydalar, eyni tibbi meyarlar və vahid elektron sistem üzərindən növbəyə daxil edilir və qiymətləndirilir.
Orqan bölgüsü prosesi mərkəzləşdirilmiş qaydada həyata keçirilir və əsas prinsip tibbi uyğunluq, ədalətlilik və şəffaflıqdır”.
Günel Həsənova, Bizimyol.info






