Brüssel bürokratiyası Gürcüstana münasibətini yenidən nəzərdən keçirməlidir.
Bizimyol.info xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın vitse-baş naziri və xarici işlər naziri Maka Boçorişvili bildirib.
Avropa diplomatiyasının rəhbəri Kaya Kallas daha əvvəl demişdi ki, Aİ-yə üzv 26 ölkə Gürcüstana qarşı tədbirlər görmək üçün “ümumi mövqe”yə malikdir, lakin birlik daxilində bir ölkə bu qərarların qarşısını alır. Onun sözlərinə görə, Avropa İttifaqı dialoqu bərpa etmək üçün Gürcüstanın daha əvvəl qəbul etdiyi qanunların ləğvində israr edir.
“İlk növbədə, Kaya Kallas tərəfindən Avropa İttifaqı məsələlərinin Gürcüstana münasibətdə alət kimi istifadəsi davam edir. Əgər kimsə dəyişməlidirsə, bu, Brüssel bürokratiyasıdır. Onlar Gürcüstana münasibətlərini dəyişməlidirlər. Biz Avropa İttifaqı ilə dialoqdan heç vaxt imtina etməmişik, hətta onların xüsusi vurğuladığı mühüm məsələlər üzrə də”, – deyə Boçorişvili bildirib.
O əlavə edib ki, Gürcüstan hakimiyyəti xalq tərəfindən seçilib və ölkənin maraqlarını müdafiə edir: “Kaya Kallasa nəyin xoş gəlmədiyi aydın deyil. Bu kursun niyə Avropa İttifaqı ilə uyğun olmadığı da anlaşılmır”, - deyə o əlavə edib.
2024-cü ilin mayında Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul etdikdən sonra ölkənin Aİ və ABŞ ilə münasibətləri pisləşməyə başlayıb. Avropa İttifaqı dəfələrlə Gürcüstan hakimiyyətini bu qanundan imtina etməyə çağırsa da, hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının liderləri qanunun məqsədinin ölkədə fəaliyyət göstərən QHT-lərin maliyyə axınlarının şəffaflığını təmin etmək olduğunu bildirib. Onların fikrincə, həmin təşkilatlardan bəziləri ölkədə inqilab cəhdi göstərib.
2024-cü il oktyabrın 26-da keçirilən parlament seçkilərində “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası 53,93% səs toplayaraq qalib gəlib və 150 yerlik parlamentdə 89 mandat qazanıb. 2024-cü il noyabrın 28-də isə partiya Aİ-yə üzvlüklə bağlı danışıqların başlanması məsələsinin müzakirəsini 2028-ci ilə qədər dayandırmaq və Avropa İttifaqından bütün büdcə qrantlarından imtina etmək qərarı verib.
Qadir, Bizimyol.info






