İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Hörmüz boğazından keçməyə cəhd edən iki gəmini ələ keçirərək İran sahillərinə yönləndirib.
Bizimyol.info xəbər verir ki, bu barədə qurumun Hərbi Dəniz Qüvvələrinin bəyanatında bildirilib.
Məlumata görə, qaydaları pozan iki gəmi — Panama bayrağı altında üzən "MSC FRANCESCA" və Liberiya bayrağı altında üzən "EPAMINODAS" — dəniz təhlükəsizliyinə təhdid yaradıb, lazımi icazələrə malik olmayıb və naviqasiya sistemlərinə müdaxilə edib. Bu səbəbdən onlar saxlanılaraq İran sahillərinə aparılıb.
"Mehr" xəbər agentliyinin yaydığı bəyanatda qeyd olunur ki, "MSC FRANCESCA" "sionist rejimlə əlaqəli" hesab olunur.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı müharibəyə başlayıb. Aprelin 7-də ABŞ prezidenti Donald Tramp İranla iki həftəlik qarşılıqlı atəşkəs elan edib. İran tərəfinin məlumatına görə, 40 gün davam edən müharibə zamanı ABŞ və İsrailin zərbələri nəticəsində 3 375 iranlı həlak olub.
Aprelin 11-də Tehran və Vaşinqton İslamabadda danışıqlar aparsa da, tərəflər bir sıra fikir ayrılıqları səbəbindən uzunmüddətli nizamlanma ilə bağlı razılığa gələ bilməyiblər. Aprelin 21-də ABŞ prezidenti atəşkəs rejimini uzatmaq niyyətində olduğunu açıqlayıb. İran dövlət televiziyasının məlumatına görə isə Tehran Vaşinqtonun birtərəfli qaydada elan etdiyi atəşkəsin uzadılmasını tanımır və öz maraqlarına uyğun hərəkət edəcək.
Bizimyol.info






