Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sibiqa Ukraynanın Aİ-yə “simvolik üzvlük” ideyasına kəskin reaksiya verib
Sibiqa Ukraynanın Aİ-yə “simvolik üzvlük” ideyasına kəskin reaksiya verib

Ukrayna Avropa İttifaqında (Aİ) heç bir “ersatz-üzvlük” (yəni formal və məhdud hüquqlu üzvlük) variantını qəbul etməyəcək.

Bizimyol.info xəbər verir ki, “Levıy bereq” nəşrinin məlumatına görə, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa jurnalistlərlə görüşdə bildirib.

O, Qərb mediasında Fransa və Almaniyanın Ukraynanı Aİ-nin tamhüquqlu üzvü kimi görməyə hazır olmadığı və səsvermə hüququ olmadan “simvolik” inteqrasiya formaları təklif etdiyi barədə yayılan xəbərlərə münasibət bildirib.

Nazirin sözlərinə görə, Prezident Vladimir Zelenskinin mövqeyi aydındır: Ukrayna “ersatz-üzvlük” qəbul etməyəcək.

Sibiqa hesab edir ki, tərəfdaşlar bunu anlayır və buna görə də diqqət Aİ-yə qoşulmaq üçün tələb olunan meyarların yerinə yetirilməsinə yönəldilməlidir.

Nazir əlavə edib ki, onun iştirak etdiyi Aİ Şurasının iclasında Ukrayna parlamentinin üzvlüyə yaxınlaşmaq məqsədilə qəbul etdiyi qanunvericilik paketinə müsbət siqnal verilib. O, həmçinin bildirib ki, iclasda Avropa İttifaqının Rusiyaya qarşı 20-ci sanksiya paketi də müzakirə olunub və bunun nəhayət dəstəklənəcəyinə əsaslar var.

"Financial Times" nəşri Fransa və Almaniyanın Ukraynaya Aİ-də aralıq status verilməsini təklif etdiyini yazıb. Bu status tamhüquqlu üzvlüyün əsas hüquqları olmadan qismən inteqrasiyanı nəzərdə tutur.

Söhbət üzvlükdən əvvəlki mərhələdə təqdim edilən “simvolik” güzəştlərdən gedir — yəni Aİ-nin əsas maliyyə proqramlarına çıxış olmadan və qərarların qəbulunda səsvermə hüququ verilmədən.

Berlin “assosiativ üzvlük” modelini təklif edir ki, bu da Ukraynaya Aİ liderlərinin görüşlərində iştirak imkanı versə də, qərarlara təsir etmək və büdcəyə avtomatik çıxış hüququ tanımır.

Paris isə “inteqrasiya olunmuş dövlət statusu”ndan danışır ki, bu da əsas fondlara, xüsusilə kənd təsərrüfatı subsidiyalarına çıxışı təxirə salır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »