Niderlandlar Avropa İttifaqında (Aİ) İsraillə assosiasiya sazişinin ticarət hissəsinin dəyişdirilməsi üçün səylər göstərəcək, lakin bunun üçün kifayət qədər dəstək olmadığını da qəbul edirlər.
Bizimyol.info xəbər verir ki, bu barədə Krallığın xarici işlər naziri Tom Berendsen bildirib.
“Parlament mənə sazişin 2-ci maddəsinin qiymətləndirilməsini tələb edib. Mən bunu edəcəyəm. Eyni zamanda parlament mənə həmkarlarımla danışıb Aİ-də əksəriyyətin nə vaxt toplanacağını öyrənməyi tapşırdı. Bu mənim vəzifəmdir və bununla məşğul olacağam,” – deyə o, Brüsseldə Aİ xarici işlər nazirlərinin görüşü öncəsi bildirib.
Berendsen qeyd edib ki, Niderlandlar həmçinin İsrailin hərəkətlərindən narahatlıqlarını Aİ tərəfdaşları ilə müzakirə edəcək və İsrailə təzyiqi artırmağın mümkün yollarını araşdıracaqlar.
Nazir vurğulayıb ki, söhbət ticarət hissəsinin dərhal ləğvindən getmir, məqsəd Aİ daxilində dəstək axtarmaqdır. Hər hansı bir səsvermə əksəriyyət olmadan yalnız Aİ daxilində fikir ayrılıqlarını göstərər və İsrailə təzyiqi artırmaz.
Berendsenin qiymətləndirməsinə görə, ticarət hissəsinin dayandırılması “çətin bir addım” olardı və bu tədbir öz-özlüyündə məqsəd olmamalıdır. “Məqsəd ticarət hissəsini ləğv etmək deyil, İsrailin siyasi kursunu dəyişdirməkdir,” – deyə o bildirib.
Assosiasiya sazişinin 2-ci maddəsi qeyd edir ki, ölkələr arasındakı münasibətlər və sənədin müddəaları insan hüquqlarına və demokratiya prinsiplərinə hörmət əsasında qurulmalıdır və bu prinsiplər ölkələrin daxili və beynəlxalq siyasətində rəhbər olmalıdır.
Qadir, Bizimyol.info






