Vəfat etmiş şəxsin kredit, ipoteka, lizinq və ya başqa borcları birbaşa yaxınlarına deyil, onun mirasına (əmlakına) aid edilir və öhdəliklər həmin miras çərçivəsində icra olunur. Varislər mirası qəbul etdikdə, qanunvericiliyə əsasən borcları da qəbul etmiş sayılırlar və yalnız mirasın dəyəri həddində məsuliyyət daşıyırlar. Əgər varis mirasdan imtina edərsə, bu halda mərhumun borclarına görə heç bir öhdəlik daşımır. Bu baxımdan “ölənin borcunu dirinin ödəməsi” anlayışı yalnız mirasın qəbul edilməsi ilə hüquqi əsas qazanır və şəxsin öz şəxsi vəsaiti hesabına borc ödəmək məcburiyyəti yaranmır.
Hüquqşünas Ramil Süleymanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ümumilikdə vəfat edən şəxsin kreditorlar qarşısındakı öhdəlikləri yalnız o halda icra olunur ki, onun miras əmlakı mövcud olsun və həmin əmlak vərəsələr tərəfindən qəbul edilsin. Onun sözlərinə görə, miras qəbul edildiyi halda belə, hər bir vərəsə yalnız öz payına uyğun şəkildə və mütənasib qaydada məsuliyyət daşıyır.
“Yəni vərəsə miras əmlakını qəbul edirsə, bu zaman həmin əmlakın dəyəri həddində kreditorlar qarşısında məsuliyyət yaranır. Amma bu məsuliyyət şəxsin şəxsi əmlakına şamil edilmir və yalnız miras çərçivəsində qalır”, – deyə hüquqşünas qeyd edib.
Ramil Süleymanov əlavə edib ki, əgər vəfat edən şəxsin heç bir əmlakı yoxdursa, bu halda ümumiyyətlə vərəsəlik işi açılmır və belə olan halda kreditorların tələblərinin vərəsələrdən tutulması mümkün deyil.
“Əgər ortada miras yoxdursa, heç kim mərhumun borcuna görə məsuliyyət daşımır. Bu halda nə övladlardan, nə də digər yaxınlardan hər hansı məbləğin tutulması qanuni hesab edilə bilməz”, – deyə Ramil Süleymanov vurğulayıb.
Ekspertin fikrincə, bu kimi hallarda vətəndaşların hüquqi məlumatlılığının artırılması vacibdir. Çünki bir çox insanlar səhvən düşünür ki, vəfat etmiş şəxsin borcları avtomatik olaraq onun ailə üzvlərinə keçir, halbuki qanunvericilik bunu yalnız mirasın qəbul edilməsi ilə əlaqələndirir.
İradə Cəlil, Bizimyol.info






