Almaniyanın paytaxtı və ən böyük şəhəri Berlində turistlərin ekoloji və sosial faydalı fəaliyyətlərdə iştirakını təşviq edən "BerlinPay" adlı yeni proqram istifadəyə verilir.
Bizimyol.info xəbər verir ki, bu barədə "TimeOut" nəşri məlumat yayıb.
Təşəbbüs son illərdə turist axınının artması fonunda kəskinləşən zibil probleminə qarşı mübarizəyə yönəlib. Hakimiyyət orqanları cərimələr əvəzinə bonus sistemi tətbiq etməyi və turistləri şəhərin təmiz saxlanmasına cəlb etməyi qərara alıb.
Proqramın şərtlərinə görə, turistlər zibil yığmaq, yerli sosial layihələrdə iştirak etmək və ya ictimai məkanların abadlaşdırılmasına töhfə vermək müqabilində müxtəlif mükafatlar əldə edə biləcəklər. Mükafatlar sırasında şəhərin görməli yerlərinə pulsuz və ya güzəştli biletlər, tərəfdaş müəssisələrdə endirimlər, eləcə də xüsusi tədbirlərdə iştirak imkanı nəzərdə tutulur.
"BerlinPay" proqramının yay mövsümündə işə salınması planlaşdırılır. Bu il kampaniya su turizminə həsr olunacaq – iştirakçılara şəhər su hövzələrinin ətrafında zibil toplamaq və kiçik ictimai təşəbbüslərdə iştirak etmək təklif ediləcək.
Mediada yayılan məlumatlara görə, ötən il Berlinin təmizlənməsinə çəkilən xərclər 13,1 milyon avro təşkil edib ki, bu da əvvəlki illə müqayisədə xeyli yüksəkdir. Şəhər rəhbərliyi ümid edir ki, yeni proqram həm tullantıların həcmini azaltmağa, həm də turistlərdə daha məsuliyyətli səyahət mədəniyyəti formalaşdırmağa kömək edəcək.
Bizimyol.info






