Pakistan hökuməti İran və ABŞ arasında keçiriləcək ikinci danışıqlar raundunun təşkili üçün hazırlıqlara başlayıb.
Bizimyol.info xəbər verir ki, bu barədə "The Express Tribune" qəzeti mənbələrə istinadən yaydığı məlumatda bildirilir.
Məlumatda qeyd edilir ki, danışıqların təhlükəsiz və problemsiz keçirilməsi üçün artıq təşkilati işlər görülür. Pakistanın paytaxtı İslamabaddakı Serena otelinin yenidən xarici qonaqları qəbul edəcəyi qeyd olunub.
Mənbələrin məlumatına görə, İran və ABŞ nümayəndə heyətləri arasında yeni görüşün həftənin sonuna doğru və ya gələn həftənin əvvəlində keçirilməsi gözlənilir. Tərəflər arasında danışıqlardan əvvəl əlavə məsləhətləşmələrin də aparılması istisna edilmir.
Eyni zamanda, Pakistanın müdafiə qüvvələrinin baş komandanı feldmarşal Asim Munir və daxili işlər naziri Mohsin Nəqvi vasitəçilik missiyası çərçivəsində İranda səfərdədir. İran dövlət televiziyasının məlumatına görə, Munir ABŞ-a mesajlar çatdırmalı və danışıqların ikinci raundunun hazırlanmasına töhfə verməlidir.
Qadir, Bizimyol.info






