Tibb tədqiqatçısı Dr. Patrick Soon - Shiong bildirib ki, xərçəngi öldürən tək bir hüceyrə qrupu var: “Amma onkoloqların 99,9%-i buna heç diqqət etmədiklərini deyir. Bəs xərçəngi nə öldürür? İstənilən bir onkoloqdan bunu soruş: CBC edirsinizmi? O da “bəli” deyəcək. CBC - tam qan sayımı deməkdir. Qan götürülür və analiz edilir. Yəni qan yoxlanışı aparılır. İnsanlar bunu adətən anemiya olub-olmadığını yoxlamaq kimi başa düşür. Qırmızı qan hüceyrələrinə baxılır”.
Dr. Patrick Soon - Shiong əlavə edərək vurğulayıb ki, trombositlə əgər düşübsə, trombosit köçürülməsi edirik: “Kimyaterapiya və radiasiya verilir və sonra soruşulur: Nəyə baxırsınız? Cavab: “Anemiya varmı, ona baxırıq”. Əgər varsa, Amgen tərəfindən istehsal olunan Epogen adlı dərmanı veririk. Trombositlər düşübmü deyə baxırıq, əgər düşübsə, trombosit köçürülməsi edirik. Neytrofillər düşübmü deyə baxırıq ki, “neytropenik qızdırma” deyilən infeksiya yaranmasın, buna görə də Neupogen kimi dərmanlar veririk. Amma məsələ burasındadır: Qırmızı qan hüceyrələri xərçəngi sağaldırmı? Xeyr. Neytrofillər xərçəngi öldürürmü? Xeyr. Bəs xərçəngi nə öldürür? Təbii öldürücü hüceyrələr və T hüceyrələri. CBC analizində bunlara uyğun gələn tək bir qrup var - limfositlər. Bəs siz onlara baxırsınızmı? Xeyr. Xərçəngi öldürən yeganə hüceyrə qrupu budur və onkoloqların 99,9%-i deyir ki, biz buna diqqət etmirik”.
- Müalicə prosesində "T" hüceyrələri nə dərəcədə qiymətləndirilir və onların artırılması üçün xüsusi yanaşmalar tətbiq edilirmi?
Tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, xərçəngin yaranma səbəbləri ilə bağlı müxtəlif versiyalar mövcuddur: “İstər kimyaterapiya, istər şüa müalicəsi alan hər bir pasiyentdə bu prosesdən əvvəl ümumi qan analizləri yoxlanılır. Həmçinin kardioqramma aparılır. MRT və ya Kompüter Tomoqrafiyası (KT) müayinəsinə ehtiyac varsa, onlar da təkrar qiymətləndirilir. Bundan sonra xəstəyə kimyaterapiyanın hansı dozada veriləcəyi müəyyən olunur. Eyni qaydada, uşaqlara tətbiq olunacaq müalicə də fərdi şəkildə təyin edilir. Həmçinin immunoterapiya nəzərdə tutulursa, hansı akıllı ilacdan istifadə olunacağı da müəyyənləşdirilir.
Sualınıza gəlincə, bu barədə müəyyən məlumatlarla tanış olmuşam. Əvvəlcə qeyd edim ki, xərçəngin yaranma səbəbləri ilə bağlı müxtəlif versiyalar mövcuddur və alimlər bu barədə fərqli fikirlər irəli sürüblər. Qeyd olunan T hüceyrələrinə biz “killer hüceyrələr” də deyirik. Bu hüceyrələr insan orqanizmində mövcuddur və əsas vəzifələri orqanizmə daxil olan yad maddələri, infeksiyaları və hətta onkoloji prosesləri ilkin mərhələdə tanıyıb məhv etməkdir. Lakin onkoloji proses zamanı vəziyyət fərqli olur. Şiş hüceyrələri nəzarətsiz şəkildə çoxalır və öz klonlarını yaradır. Təəssüf ki, bəzi hallarda bu hüceyrələr immun sistemdən, o cümlədən killer hüceyrələrdən “gizlənə” bilir və ya onların fəaliyyətini zəiflədə bilir. Bu səbəbdən müalicə prosesində bütün amillər nəzərə alınır. Onkoloji xəstəliklərin bəzi növlərində hərarət artımı, çəki itkisi, ağrıların güclənməsi, öskürək zamanı və ya sidikdə qan müşahidə oluna bilər. Bütün bu əlamətlər analiz və müayinələrlə müəyyən edilir və nəticələrə uyğun olaraq xəstəyə tam və düzgün müalicə kursu təyin olunur”.
Günel Həsənova, Bizimyol.info






