Əgər İrana qarşı münaqişə Hörmüz Boğazı üzərində İranın nəzarətini saxlaması ilə başa çatarsa, dünya ictimaiyyəti bunu ABŞ-ın strateji məğlubiyyəti kimi qəbul edəcək.
Bizimyol.info xəbər verir ki, bunu CNN-in analitiki Stiven Kollinson deyib.
“Hərbi əməliyyat İranın Hörmüz Boğazına nəzarəti qoruyaraq başa çatarsa, bu beynəlxalq aləmdə ABŞ üçün strateji məğlubiyyət kimi qiymətləndiriləcək”, - deyə o qeyd edib. Kollinson əlavə edir ki, belə bir nəticədə İran münaqişədə qalib olduğunu elan edəcək və gələcək hücumlar üçün özünü dayandırıcı amil bərpa etdiyini düşünə bilər.
Analitik həmçinin deyib ki, İran bu vəziyyətdən maliyyə qazancı əldə etmək üçün boğazdan keçən tankerlərdən rüsumlar tətbiq edə bilər. Bu əlavə gəlirlər vasitəsilə İran silahlı qüvvələrini, eləcə də ABŞ və İsrailin hava hücumları zamanı məhv edilmiş raket və nüvə proqramlarını bərpa edə bilər.
Kollinson qeyd edib ki, belə bir ssenari ABŞ prezidenti Donald Tramp üçün “ən münasib” sayılır, çünki boğaza zorla nəzarət cəhdləri ABŞ üçün böyük itkilərlə nəticələnə bilər və münaqişəni uzadaraq prezidentin daxildə zəifləmiş siyasi nüfuzuna əlavə zərbə vuracaq.
Xatırladaq ki, 28 fevral tarixində ABŞ və İsrail İrana qarşı müharibəyə başlayıb. Əsas hücumlar İranın böyük şəhərlərinə, o cümlədən Təbriz və Tehran kimi mərkəzlərə yönəlib. İran İslam İnqilabı Keşikçiləri Korpusunun genişmiqyaslı əks-hücum əməliyyatları İsrail və ABŞ-ın regiondakı hərbi obyektlərinə, o cümlədən Bəhreyn, İordaniya, İraq, Qatar, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanına da yönəlib.
İran hökuməti Hörmüz Boğazını ABŞ, İsrail və onlara dəstək verən ölkələrin gəmilərinə bağlayıb. Münaqişə dövründə bir sıra tankerlər Tehran icazəsi olmadan boğazdan keçdiyi üçün hücuma məruz qalıb. 25 mart tarixində İran Xarici İşlər naziri Abbas Ərakçi bildirib ki, İran dost ölkələrin, o cümlədən Rusiya, Hindistan, İraq, Çin və Pakistan gəmilərinə Hürmüz Boğazından keçməyə icazə verib.
Bizimyol.info






