Qətərin və Ukraynanın Müdafiə nazirlikləri müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayıblar. Saziş raketlərə və pilotsuz uçan aparatlara qarşı mübarizə sahəsində təcrübə mübadiləsini nəzərdə tutur.
Bizimyol.info xəbər verir ki, bu barədə Qətərin müdafiə nazirliyi məlumat verib.
“Qətər və Ukrayna Müdafiə nazirlikləri arasında müdafiə sahəsində əməkdaşlıq sazişi imzalanıb. Saziş texnoloji əməkdaşlıq, birgə layihələrin inkişafı və investisiyaları, həmçinin raketlərə və pilotsuz uçan aparatlara qarşı mübarizə təcrübəsinin mübadiləsini əhatə edir”, - deyə bəyanatda qeyd edilir. Saziş Ukrayna nümayəndə heyətinin Dohaya səfəri çərçivəsində imzalanıb.
Daha sonra Vladimir Zelenski öz Telegram kanalında bildirib ki, Qətər və Ukrayna “müdafiə sahəsində ən azı 10 illik qarşılıqlı faydalı tərəfdaşlıq barədə razılığa gəliblər”. Onun sözlərinə görə, ikitərəfli saziş “müdafiə sənayesində birgə layihələri, ortaq istehsal müəssisələrinin yaradılmasını və şirkətlər arasında texnoloji tərəfdaşlığı” nəzərdə tutur.
Əvvəlcə Zelenski BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayid Əl Nəhayan ilə görüşdən sonra tərəflərin təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq barədə razılığa gəldiklərini açıqlamışdı. Bundan əlavə, 27 mart tarixində Səudiyyə Ərəbistanı və Ukrayna Müdafiə nazirlikləri Ciddədə müdafiə alışları sahəsində əməkdaşlıq memorandumu imzalayıblar. Zelenskinin sözlərinə görə, bu sənəd gələcək əlaqələr, texnoloji əməkdaşlıq və investisiyalar üçün əsas yaradır.
Bizimyol.info






