Almaniya hökuməti ABŞ-ın Ukrayna üçün nəzərdə tutulmuş silahları Yaxın Şərqə göndərmə ehtimalı ilə bağlı Xüsusi məlumata malik deyil.
Bizimyol.info xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius mətbuat konfransında bildirib.
“Bizim bu barədə xüsusi məlumatımız yoxdur”, – deyə Kornelius söyləyib.
Almaniya Müdafiə Nazirliyinin nümayəndəsi Mitko Myuller isə əlavə edib ki, nazir Boris Pistorius əvvəlcə bu xəbərləri təsdiqləyə bilməyəcəyini bildirmişdi. Myuller qeyd edib ki, Almaniya Ukraynaya yardımların maliyyələşdirilməsində PURL proqramı çərçivəsində 700 milyon dollar həcmində dəstək göstərir. “Bizim məlumatımıza görə, razılaşdırıldığı kimi hər hansı bir problem yoxdur”, – deyə o vurğulayıb.
Xatırladaq ki, əvvəlcə "The Washington Post" qəzeti ABŞ Müdafiə Nazirliyinin öz arsenalının tükənməsi səbəbindən Ukrayna üçün nəzərdə tutulmuş silahları Yaxın Şərqə göndərməyi nəzərdən keçirdiyini yazmışdı. Mənbələrə görə, söhbət NATO üzv ölkələrinin Vaşinqtondan PURL proqramı çərçivəsində Kiyevə almış olduqları raket-interseptorlardan gedir. Qəzet qeyd edir ki, ABŞ-ın İran üzərində apardığı əməliyyat zamanı sursatlar sürətlə sərf olunur və bu sürətli istifadə Ukraynaya silah tədarükünü poza bilər.
Qadir, Bizimyol.info






