Qazaxıstanda yay aylarının sonunadək keçiriləcək seçkilərin nəticələrinə əsasən, birpalatalı parlamentə daxil olan partiyalar azı yeddi deputat mandatı əldə edəcək.
Bizimyol.info xəbər verir ki, bu barədə “Avrasiya Monitorinqi” mərkəzinin direktoru Alibek Tajibayev mətbuata açıqlamasında bildirib.
Ekspertin sözlərinə görə, Qazaxıstanın birpalatalı parlament modelinə keçidi qanunvericilik prosesinin səmərəliliyini artıracaq və qlobal çağırışlara daha operativ reaksiya verməyə imkan yaradacaq. Yeni parlament – Qurultay – 145 yerdən ibarət olacaq və mandatlar partiya siyahıları üzrə proporsional sistem əsasında bölüşdürüləcək. Müəyyən edilmiş 5 faizlik seçki baryeri isə hər bir partiyanın ən azı yeddi deputatdan ibarət fraksiya ilə təmsil olunmasını təmin edəcək. Tajibayevin fikrincə, bu, qanunvericilik müzakirələrində ciddi siyasi qüvvələrin formalaşmasına şərait yaradacaq.
Martın 15-də keçirilmiş yeni konstitusiya üzrə ümumxalq referendumunun nəticələrini də şərh edən ekspert onun yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. O bildirib ki, beynəlxalq müşahidə missiyalarının müsbət rəyləri də bu qənaəti gücləndirir. Tajibayev referendumu Qazaxıstan üçün tarixi əhəmiyyət daşıyan, geniş və diqqətli hazırlıqla həyata keçirilmiş mühüm hadisə kimi qiymətləndirib.
Qeyd edək ki, martın 15-də Qazaxıstanda yeni konstitusiya üzrə referendum keçirilib. Seçicilərin 87,15 faizi yeni əsas qanunun lehinə səs verib, seçici fəallığı isə 73,12 faiz təşkil edib. Yeni konstitusiya iyulun 1-dən qüvvəyə minəcək. Həmin tarixdən etibarən iki palatalı parlament ləğv ediləcək və yay aylarının sonunadək yeni birpalatalı Qurultaya seçkilər keçiriləcək. Yeni parlament fəaliyyətə başladıqdan sonra hökumət istefa verəcək və ardınca Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılacaq.
Qadir, Bizimyol.info






