Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ali Məhkəmədən qərar: Bu şəxslər ömürlük pensiya alacaq
Ali Məhkəmədən qərar: Bu şəxslər ömürlük pensiya alacaq

Bir çox hallarda əlillərə təyin olunan pensiyaların ödənişi dayandırılır, yaxud da onlar vaxtaşırı müayinələrə cəlb olunur. Hətta orqanizmin müəyyən hissələrini itirdiyinə görə əlillik təyin edilən şəxslərin belə, pensiya məsələləri ilə əlaqədar vaxtaşırı bu cür müayinələrə cəlb olunmaları narazılıqlara yol açır.

Ali Məhkəmə əlillik dövründə pensiya yaşına çatmış şəxsə əlilliliyə görə əmək pensiyasının müddətsiz təyin edilməsi ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyənləşdirən qərar qəbul edib.

Bizimyol.info xəbər verir ki, bu işdə şikayətçi 2017-ci ildən dövlət qulluqçusu kimi, II qrup əlilliyə görə əmək pensiyası alıb. Bu pensiya əlillik dövrü üçün təyin olunaraq 2022-ci ilin iyul ayınadək ödənilib. Həmin tarixdən ödəniş dayandırılıb. İddiaçı pensiya yaşına çatdığını əsas gətirərək əlilliyə görə təyin edilmiş əmək pensiyasının müddətsiz hesab olunmasını və dayandırılmış ödənişlərin bərpasını tələb edib. Cavabdeh orqan isə onun sığorta stajının 25 ildən, dövlət qulluğu stajının isə 15 ildən az olduğunu bildirərək müraciəti təmin etməyib. Bundan sonra şəxs məhkəməyə müraciət edib. Onun şikayətini birinci instansiya məhkəməsi rədd edib. Apellyasiya instansiyası isə bu qərarı ləğv edərək onun iddiasını təmin edib və belə qənaətə gəlib ki, pensiyası müddətsiz hesab olunmalıdır. Bu qərardan cavabdeh orqan narazı qalıb və Ali Məhkəməyə kassasiya şikayəti verib.

Ali Məhkəmə cavabdeh orqanın kassasiya şikayətini təmin etməyərək apellyasiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Qərarda göstərilib ki, şəxs əlillik dövründə pensiya yaşına çatdığı halda və həmin anda əlillik statusu qüvvədə olduqda, əlilliyə görə əmək pensiyası ömürlük (müddətsiz) təyin edilməlidir. Bunun üçün əlavə müraciət tələb olunmur.

Məhkəmə kollegiyası qərarında “Əmək pensiyaları haqqında” Qanunun 32.2-ci maddəsini geniş təhlil edərək bildirib ki, həmin normada pensiya yaşına çatmış əlillərə əlilliyə görə əmək pensiyasının ömürlük təyin edilməsi imperativ qaydada nəzərdə tutulub və bu zaman əlilliyin yenidən qiymətləndirilməsi və ya şəxsin əlavə müraciəti şərt kimi müəyyən edilməyib. Qanunun mətnindən göründüyü kimi, tələb olunan əsas şərt şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması və həmin anda əlillik statusunun mövcud olmasıdır.

Məhkəmə kollegiyası həmçinin qeyd edib ki, şəxsə əvvəllər əlilliyə görə pensiya müəyyən müddət üçün təyin olunmuş olsa belə, həmin müddət ərzində pensiya yaşına çatdığı halda, onun pensiyasının ömürlük təyin edilməsi hüququ yaranır. Bu hüququn reallaşdırılması əlavə formal prosedurlarla məhdudlaşdırıla bilməz.

Qərarda vurğulanıb ki, pensiya hüquqlarının təmin edilməsi inzibati orqanın xidməti vəzifəsidir. “İnzibati icraat haqqında” qanunun prinsiplərinə əsasən, inzibati orqan yalnız şəxsin əleyhinə olan halları deyil, onun xeyrinə olan halları da araşdırmalı, hüquq və vəzifələrini izah etməli və qanunun tətbiqini öz təşəbbüsü ilə təmin etməlidir. Qanunda birbaşa nəzərdə tutulmayan formal tələblər şəxsin sosial təminat hüququnun həyata keçirilməsindən imtina üçün əsas ola bilməz. Məhkəmə bu baxımdan əlavə müraciət tələbini qanunun məzmununa uyğun hesab etməyib.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »