Proqnoz platforması Polymarket nüvə silahının tətbiqi ehtimalına dair stavkaların qəbulunu geniş tənqid dalğasından sonra dayandırıb. Sosial şəbəkələrdə və ekspert mühitində aparılan müzakirələr mümkün qlobal fəlakətlərdən qazanc əldə etməyin etik olub-olmaması ilə bağlı ciddi suallar doğurub.
Bizimyol.info xəbər verir ki, bu kontrakt istifadəçilərə yaxın aylardan 2027-ci ilin sonunadək müxtəlif dövrlər üzrə nüvə partlayışının baş verib-verməyəcəyinə mərc etməyə imkan verirdi. Həmin bazarda ümumi ticarət həcmi 838 min dolları ötüb.
Bağlanmazdan əvvəl belə bir ssenarinin ilin sonuna qədər baş vermə ehtimalı təxminən 22% səviyyəsində qiymətləndirilirdi. Lakin analitiklər vurğulayırlar ki, bu cür bazarlar ciddi mənəvi risklər yaradır, çünki iştirakçılar faktiki olaraq potensial fəlakət üzərindən spekulyasiya edirlər.
Əlavə narahatlıq mümkün insayder ticarəti halları ilə bağlıdır. Analitik şirkət "Bubblemaps"ın məlumatına görə, bəzi istifadəçilər mühüm geosiyasi hadisələr ərəfəsində stavkalar edərək böyük qazanc əldə etmiş ola bilər.
Xüsusilə ABŞ və İsrailin İrana endirdiyi zərbələrdən əvvəl onlarla hesab vəziyyətin inkişafını qabaqcadan proqnozlaşdıraraq iri məbləğdə mərc edib. Nəticədə bir treyder 553 min dollardan çox, şübhəli iştirakçılardan ibarət qrup isə ümumilikdə təxminən 1,2 milyon dollar qazanc əldə edib.
Ekspertlər bildirirlər ki, bu cür hallar proqnoz bazarlarına nəzarətin gücləndirilməsinə səbəb ola bilər, xüsusilə də ABŞ-da tənzimləyici qurumların diqqəti daha da artacaq. Bu fonda platforma müharibə və qlobal təhdidlərlə bağlı ən mübahisəli mövzulardan imtina etmək qərarına gəlib.
Qadir, Bizimyol.info






