Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Trampın son qərarı iki nüvə dövlətinin taleyini dəyişə bilər
Trampın son qərarı iki nüvə dövlətinin taleyini dəyişə bilər

ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini və Ukraynaya əlavə hərbi yardım ayrılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib. Sənəd Rusiyanın maliyyə, enerji və sənaye sektorlarına qarşı yeni məhdudiyyətləri, eləcə də Rusiya mallarına tətbiq olunan gömrük rüsumlarının əhəmiyyətli dərəcədə artırılmasını ehtiva edir. Qanun layihəsində həmçinin Ukraynaya əlavə hərbi yardım, kreditlərin ayrılması və müdafiə proqramlarının müddətinin uzadılması nəzərdə tutulur.

  • ABŞ Konqresinin bu qərarı Rusiya-Ukrayna münaqişəsinin gedişinə və Vaşinqton-Moskva münasibətlərinə necə təsir göstərə bilər?

Politoloq Turab Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, faktiki olaraq, son proseslər Rusiya ilə ABŞ arasında münasibətlərin yenidən gərginləşdiyini göstərir. Donald Trampın prezident seçilməsindən və Alyaskada keçirilən görüşdən sonra iki ölkə arasında müşahidə olunan yaxınlaşma mərhələsi artıq sona çatmaq üzrədir.

Tramp Moskva ilə Vaşinqton arasında daha sabit və konstruktiv münasibətlər formalaşdırmağa çalışsa da, bu siyasət gözlənilən nəticəni vermədi. O, Ukrayna müharibəsinin dayandırılmasına və tərəflərin sülhə təşviq edilməsinə nail ola bilmədi.

Bunun fonunda ABŞ daxilində də Rusiyaya münasibətdə mövqelər dəyişməyə başlayıb. Çünki Vaşinqton və Moskva bütün cəhdlərə baxmayaraq, qlobal siyasətdə əsas rəqib güc mərkəzləri olaraq qalırlar. Bu rəqabət Ukrayna, Kuba, Venesuela və digər geosiyasi məkanlarda özünü açıq şəkildə göstərir.

Poliqtoloq hesab edir ki, ABŞ administrasiyası Ukrayna məsələsində müəyyən güzəştlər müqabilində Rusiyadan İran istiqamətində daha konstruktiv addımlar gözləyirdi. Lakin Vaşinqton istədiyi nəticələri əldə edə bilmədiyi üçün diqqətini yenidən Ukrayna münaqişəsinə yönəldir.

Turab Rzayev bildirib ki, Ukraynaya maliyyə və hərbi yardımın artırılması, eyni zamanda Rusiyanın enerji, maliyyə və sənaye sektorlarına qarşı yeni məhdudiyyətlərin və sanksiyaların tətbiqi Moskvanın iqtisadi imkanlarını zəiflətməyə hesablanıb.

Məqsəd Rusiyanın hərbi sənayesini və müharibəni maliyyələşdirmək qabiliyyətini məhdudlaşdırmaqdır.

“Bütün bunlar Rusiya ilə ABŞ arasında münasibətlərin daha da gərginləşməsinə səbəb ola bilər. Bununla belə, Donald Tramp amilini də nəzərdən qaçırmaq olmaz. Tramp iki ölkə arasında qarşıdurmanın daha da dərinləşməsini və Rusiyanın tam şəkildə küncə sıxışdırılmasını istəmir. Bu baxımdan, onun sözügedən qanun layihəsinə veto qoyması və ya sənədin müəyyən qədər yumşaldılmasına çalışması ehtimalı istisna deyil” - deyə Turab Rzayev bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »