Ukrayna Prezidenti Vladimir Zelenski İrandan Rusiyaya “Şahəd” pilotsuz uçuş aparatlarının tədarükü və bunun ardınca Rusiyanın bu silahları təkmilləşdirməkdə İrana göstərdiyi yardımı şərh edib.
Bizimyol.info xəbər verir ki, o, bu barədə "The Jerusalem Post"a verdiyi müsahibədə qeyd edib.
Zelenski bildirib ki, Ukrayna tədarüklərin qarşısını almağa çalışıb və Tehrana birbaşa xəbərdarlıq edib ki, bu silahlar mülki əhaliyə qarşı istifadə ediləcək. Lakin İran rəsmiləri Rusiyaya yardım etdiklərini inkar edib və tədarüklərin həddini kiçiltməyə çalışıblar. Prezident vurğulayıb: “Amma bu doğru deyildi. Onlar, əlbəttə, yalan danışdılar.”
O əlavə edib ki, Rusiyanın İranın köməyi ilə yalnız “Şahid” istehsalını başlaması ilə kifayətlənməyib, daha ucuz variantlarını da hazırlayıb. Zelenski Rusiyanın İrana təkmilləşdirilmiş silahları və texniki bilikləri verdiyindən əmin olduğunu qeyd edib.
Ukrayna artıq digər ölkələrə bu təhlükəyə qarşı mübarizə üçün ekspert yardımı göstərir. Zelenski açıqlayıb ki, üç hərbi ekspert qrupu hava hücumundan müdafiə sistemlərini qiymətləndirmək və “Şahid”lərə qarşı mübarizə aparmaq üçün ölkələrə göndərilib: “İndi ölkələr qərar verməlidir ki, bizim təcrübəmizi necə istifadə etsinlər”, - deyə o qeyd edib.
Prezident, Ukraynanın rolunun tamamilə müdafiə xarakteri daşıdığını və ekspert yardımlarının yalnız hava müdafiəsi ilə bağlı olduğunu vurğulayıb: “Hava hücumundan müdafiə, hücum yox”, - deyib.
Zelenski həmçinin beynəlxalq ictimaiyyətin Rusiyanın lideri Vladimir Putini dayandıra bilməməsini “Şahid” təhlükəsinin əsas səbəbi kimi qiymətləndirib: “Təəssüf ki, dünyada Putini həqiqətən dayandıra biləcək bir güc görmürük”, - deyib.
İsrail Baş naziri Benyamin Netanyahu ilə mümkün dialoqa gəlincə, Zelenski: “Onda mənə lazım olan var, məndə isə ona lazım olan var. Buna görə dialoqa hazıram”, - deyib.
Politik və diplomat Roman Bezsmertni qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi ilə İran-İsrail qarşıdurması əslində eyni mübarizənin iki cəbhəsidir və Qərb Ukrayna və İsrailə dəstəyi əlaqələndirməsə, bu müharibələr uzun müddət davam edə bilər.
Qadir, Bizimyol.info






