Azərbaycan XİN regionda baş verən hadisələrlə bağlı çağırış edib. Qeyd edilib ki, regionda və qlobal səviyyədə təhlükəsizlik və sabitlik üçün ciddi təhdid yaradan hərbi eskalasiya dərin narahatlıq doğurur. Qəti şəkildə, bütün tərəfləri maksimum təmkin nümayiş etdirməyə, gərginliyi daha da artıracaq hərəkətlərdən çəkinməyə və danışıqlar masasına qayıtmağa çağırırıq. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüququn hamılıqla tanınmış norma və prinsiplərinə uyğun olaraq bütün dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə hörmət edilməsinin vacibliyini vurğulayırıq.
Milli Məclisin deputatı Hikmət Babaoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan öz ənənəvi və obyektiv mövqeyindən çıxış edərək, regionda gedən proseslərlə bağlı öz mövqeyini bildirib: “Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən bu mövqe bir daha səsləndirilib. Doğrudan da, regionda sülhün olması bizim üçün strateji əhəmiyyət daşıyır və nəticə etibarı ilə sülhün əldə edilməsinin nə qədər çətin olduğunu biz bilirik. Müharibənin nə olduğunu da Azərbaycan çox yaxşı bilir. Ona görə də hər şeydən öncə, hər iki tərəfin - müharibə edən tərəflərin obyektiv reallığı, yenidən qiymətləndirilməsi və mümkün mübahisəli məsələlərin beynəlxalq hüquq çərçivəsində həll edilməsinə bağlı istəyini bildirir”.
Hikmət BabaoğluDeputat Hikmət Babaoğlu vurğulayıb ki, bu, xeyirxah qonşuluq mövqeyidir, beynəlxalq hüquqa və ədalətə söykənən mövqeyidir. Deputat bildirib ki, bu mövqe təqdir olunmalıdır və hətta mümkün olsa, bu çağırışlar nəzərə alınmalıdır.
“Hazırkı vəziyyətdə biz hadisələrin, yəni ABŞ-İsrail ittifaqı ilə İran arasındakı müharibənin daha dramatik sonluğa getdiyini müşahidə etməkdəyik. Amma bu müharibə nə qədər davam edirsə etsin, sonda yenə heç şübhəsiz ki, tərəflər diplomatik masa arxasında oturmalı olacaqlar. Azərbaycan isə indidən, bəri başdan tərəfləri diplomatik masaya dəvət edir”-deyə Hikmət Babaoğlu qeyd edib.
İradə Cəlil, Bizimyol.info






