Bu gün qlobal iqtisadiyyatda ABŞ-ın tətbiq etdiyi yeni 10 % tariflər dünya ticarətinə təzyiq göstərir və bazarlarda qeyri-müəyyənliyi artırır. Tariflərin yenidən tətbiqi qlobal istehsal, investisiya və iqtisadi artım perspektivlərini zəiflədə bilər. Ekspertlər bildirirlər ki, ticarət müharibələri uzunmüddətli iqtisadi artımı ləngidə və bazarlarda qiymət dalğalanmalarını gücləndirə bilər.
- ABŞ-ın yeni tarif siyasəti qlobal ticarətə necə təsir edir?
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ tərəfindən tətbiq edilən yeni 10 faiz tariflər ilk növbədə beynəlxalq ticarət axınlarını bahalaşdırır: “Tarif o deməkdir ki, idxal olunan malların üzərinə əlavə vergi qoyulur və nəticədə həmin məhsullar daxili bazarda daha yüksək qiymətə satılır. Bu isə həm istehsal xərclərini artırır, həm də qlobal təchizat zəncirində gecikmələr və struktur dəyişiklikləri yaradır. Şirkətlər alternativ bazarlar və təchizatçılar axtarmağa başlayır, investisiya qərarlarını təxirə salır və bazarlarda qeyri-müəyyənlik artır”.
Akif Nəsirli“Tariflərin qlobal iqtisadi artıma təsiri birbaşa və dolayı kanallarla özünü göstərir. Birbaşa təsir ticarət həcminin azalmasıdır. Ölkələr arasında mal dövriyyəsi zəiflədikcə istehsal azalır. Dolayı təsir isə investisiya mühitinin pisləşməsi, maliyyə bazarlarında dalğalanma və biznes etimadının zəifləməsidir. Əgər ticarət müharibəsi genişlənərsə və qarşılıqlı tariflər tətbiq olunarsa, bu, qlobal ÜDM artım tempini nəzərəçarpacaq dərəcədə aşağı sala bilər”-deyən iqtisadçı qeyd edib ki, adətən belə proseslər artımı kəskin yox, tədricən zəiflədir, lakin uzun müddət davam edərsə təsiri daha ciddi olur.
Akif Nəsirli vurğulayıb ki, Azərbaycan kimi ixracatçı ölkələr üçün risklər əsasən dolayı xarakter daşıyır, qlobal iqtisadi artım zəiflədikdə enerji və xammal məhsullarına tələbat azala bilər ki, bu da ixrac gəlirlərinə təsir göstərər.
“Əlavə olaraq, əsas ticarət tərəfdaşlarında iqtisadi yavaşlama baş verərsə, həmin ölkələrdən investisiya və kapital axını zəifləyə bilər. Digər tərəfdən, bazarlarda qiymət dalğalanmaları milli valyuta və büdcə gəlirləri üçün əlavə risk yaradır. Bununla yanaşı, bəzi hallarda qlobal ticarət marşrutlarının dəyişməsi yeni imkanlar da aça bilər. Əgər şirkətlər alternativ bazarlar axtararsa, yeni tərəfdaşlıqlar formalaşa bilər. Lakin ümumi mənzərə baxımından tarif mühitinin sərtləşməsi qlobal iqtisadi sabitlik üçün risk amili sayılır və ixrac yönümlü ölkələr üçün ehtiyatlı iqtisadi siyasət tələb edir”-deyə Akif Nəsirli bildirib.
İradə Cəlil, Bizimyol.info






