Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinin xanım tələbələri şantaj olunur. Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. Tələbələrin fotoları onların “TikTok” profillərindən götürülərək əxlaqsız formada montaj edilib və saxta hesab vasitəsilə paylaşılıb. İddialara görə, həmin paylaşımları təxminən 20-25 yaşlarında bir kişi edib. Tələbələr həmin videoların silinməsi üçün pul təklif etdikdə isə, söyləyib ki, o, bunları pul üçün etməyib. Özü hüquq fakültəsinə qəbul olmaq istəyib, amma balı çatmayıb. Məhz buna görə də hüquq tələbələrinə qarşı qərəzi olub.
Kliniki-psixoloq Ramin Hacıyev Bizimyol.info xəbərportalına açıqlamasında bildirib ki, hər bir halda istənilən şantaj edən insan psixoloji baxımdan sağlam olmur: “Şəkilləri götürüb, onları montaj edib və saxta bir şey yaradıb. Cinayətkar bildirib ki, hüquq fakültəsinə qəbul ola bilməyib deyə bu cinayəti törədib. Artıq bu özü psixoloji pozuntu halıdır. "Universitetə qəbul ola bilməmisən, yenidən hazırlaşıb, cəhdlər edib istədiyinə nail ola bilərdin", sağlam insanın reaksiyası bu ifadələrlə olmalı idi. Onun üçün motivasiya odur ki, pul istəmir və öz ambisiyalarını, təfəkkürünü belə bir formada reallaşdırır, insanları cəzalandırmaq istəyir. Bu, hüquqi və etik baxımdan yolverilməzdir”.
Ramin HacıyevRamin Hacıyev qeyd edib ki, şantaj elə bir prosesdir ki, şantaj olunanlarda xroniki stress, təşviş-həyəcan, şəkərli diabet, ürək-damar çatışmazlığı kimi bir çox problemlər yarada bilər: “Bütün bu xəstəliklərin başında stress durur və xroniki olaraq stresə məruz qalan insanın metobalismində bir çox pozuntulara gətirib çıxara bilər.
Şantaj olunan insanlar psixoloji travma alır və assosiallığa gətirib çıxara bilər. Onlar özünə qapanıb hər kəsdən, hər bir haldan daha ehtiyatlı davranmasına gətirib çıxara bilər. Əgər insanlar düzgün dəstək almasa, bu da onların həyatında böyük bir travmatik iz qoya bilər və həyatlarını mənfiyə doğru dəyişə bilər. Çünki, onlar hər şey şübhə ilə yanaşacaq, düşünəcək ki, bu hadisə bir dəfə olubsa, təkrarlana bilər. Bunlar da yenidən başqa xəstəliklərə səbəb ola bilər”.
Ramin Hacıyev hesab edir ki, hər bir halda şantaj olunanın şantajçılar tərəfindən psixoloji basqıya məruz qoyduğu halda, dərhal hüquq-mühafizə orqanlarına müraciət etsinlər: “Bu məsələnin həm etik, həm də hüquqi tərəfi var. Dərhal hüquq-mühafizə orqanlarına müraciət olunmalıdır ki, şantajçılarla heç bir dialoqa davam etməsinlər. Çünki, onların psixoloji vəziyyəti normal olmur deyə, onlar sonradan daha böyük bir şeylər tələb edə bilərlər və şantaja məruz qalan insanın həm psixi, həm maddi vəziyyətinə böyük zərbə ola bilər. Bu məsələyə davamlı məruz qalmamaq üçün hüquq-mühafizə orqanlarına müraciət edilməlidir ki, sahə üzrə mütəxəssislər bu problem ilə məşğul olsunlar və özləri həll etsinlər ki, minimal travmatik zərər ilə məsələyə son qoyulsun”.
İradə Cəlil, Bizimyol.info






