Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiya tərəfinin açıqlamaları məsuliyyəti öz üzərindən atmaq və məsələnin üstünü örtmək cəhdi kimi dəyərləndirilə bilər"
"Rusiya tərəfinin açıqlamaları məsuliyyəti öz üzərindən atmaq və məsələnin üstünü örtmək cəhdi kimi dəyərləndirilə bilər"

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, AZAL-a məxsus J2-8243 reysinin vurulması məsələsində ölkənin mövqeyi qəti və prinsipialdır. Nazir vurğulayıb ki, 2025-ci ilin oktyabrında Azərbaycan və Rusiya prezidentləri arasında keçirilmiş görüşdə səsləndirilən tədbirlər icra olunmalı, hadisəyə hüquqi qiymət verilməli və kompensasiyalar ödənilməlidir. Zaxarova isə, qeyd edib ki, məsələ həll olunacaq.

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Mariya Zaxarovanın açıqlamaları növbəti rutin açıqlamadır: “Rusiya tərəfi əgər doğrudan da həmin təyyarə qəzası ilə bağlı faciəvi səhifəni qapatmaq istəyirdisə, o zaman Vladimir Putinin oktyabr ayında Azərbaycan prezidenti ilə Düşənbədə görüşü zamanı verdiyi vədlərə əməl olunmalı idi. Yəni Azərbaycanın haqlı tələbləri nəzərə alınmalı, istintaq şəffaf aparılmalı və bu hadisəni törədənlər, əmr verənlər, onun icraçıları hüquqi məsuliyyətə cəlb olunmalı idilər. Amma əvəzində biz nə gördük? Rusiya İstintaq Komitəsi bu cinayət hadisəsini bağladı və bunun üzərindən sükutla keçildi. Şübhəsiz ki, bu, Rusiya tərəfinin qəbulolunmaz davranışıdır. Rusiya əgər bu səhvləri bağlamaq istəyirsə, o zaman bu istintaq işi yenidən bərpa olunmalı və cinayətkarlar öz cəzasını almalıdır. Şübhəsiz ki, Azərbaycana, daha doğrusu, həm Azərbaycan Hava Yolları şirkətinə, eyni zamanda bu qəzada zərər çəkmiş, həyatını itirmiş şəxslərə görə də təzminat ödənməlidir”.

Oqtay Qasımov Oqtay Qasımov

Politoloq qeyd edib ki, hadisə ciddi və bağışlanmaz səhv ucbatından baş verib və bu səhvi də törədən Rusiya Müdafiə Nazirliyinin məsul şəxsləridir: “Bu hava gəmisini görən Rusiya hərbçiləri əslində onu xəbərdarlıq edib geri qaytarmağa çalışmayıblar, “xalça əməliyyatı” ilə bağlı hansısa tədbirləri vaxtında həyata keçirməyiblər və birbaşa təyyarəmiz atəşə tutulub ki, bu da faciəvi nəticələrə səbəb olub. Bu baxımdan Rusiya tərəfinin bu açıqlamaları daşımalı olduqları məsuliyyəti öz üzərindən atmaqla, məsələnin üstünü qapatmaq cəhdi kimi dəyərləndirilə bilər”.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »