Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəhbəri Vüqar Qurbanovun vəzifəsindən azad edilməsindən sonra əsas müzakirə mövzularından biri bu qurumun Səhiyyə Nazirliyinə birləşdirilə biəcəyi barədə iddialardır.
Bizimyol.info xəbər verir ki, fevralın 26-da Səhiyyə naziri Teymur Musayevin jurnalistlərin suallarını cavablandırarkən söylədikləri birləşmə ehtimalının kifayət qədər yüksək olduğunu düşünməyə əsas verir. Teymur Musayev TƏBİB-in nazirliyə birləşdiriləcəyi ilə bağlı iddialara münasibət bildirərkən deyib ki, səhiyyə sektorunda mərhələli şəkildə islahatlar aparılır.
Teymur Musayev qeyd edib ki, bu məsələyə TƏBİB-in Müşahidə Şurasının rəhbərliyi daha ətraflı və dəqiq cavab verə bilər.
TƏBİB Prezident İlham Əliyevin fərmanı ilə 2018-ci ildə yaradılıb və əvvəllər Səhiyyə Nazirliyində olan bir çox səlahiyyətlər bu quruma verilib.
Azərbaycanda səhiyyə xidmətlərini paralel şəkildə üç qurum həyata keçirir. Səhiyyə Nazirliyi və TƏBİB-dən əlavə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi də var. Bu qurum da Prezidentin fərmanı ilə 2016-ci ildə yaradılmışdı.
Bir çoxları hesab edir ki, bu qurumlar arasında səlahiyyət pərakəndəliyi var və vəziyyət belə davam etdikcə kadr dəyişikliklərinin heç bir nəticəsi olmayacaq. Bu baxımdan, ya paralel strukturlar birləşdirilməli, ya da funksiyaları kəskin ayrılmalıdır.
Təxminən bir il əvvəl deputat Razi Nurullayev Milli Məclisdə bu mövzuda çıxış edərkən bildirmişdi ki, ölkədə bir-birini təkrarlayan 2-3 səhiyyə qurumunun olması doğru deyil.
“A-dan Z-yə müalicə işi – xəstələrlə iş TƏBİB-ə verilməlidir, səhiyyə siyasəti isə Səhiyyə Nazirliyində olmalıdır. Səhiyyə Nazirliyinin gördüyü işlər çoxdur, amma səhiyyə siyasətində ciddi axsamalar görürəm. Səhiyyə Nazirliyi və TƏBİB arasında konkret və ikili yanaşmaya əsas verməyən saəlahiyyət bölgüsü təxirə salınmadan həyata keçirilməlidir.
Bütün bölgələr üzrə səhiyyə siyasəti müəyyənləşməli, ona uyğun səhiyyə xidmətləri həyata keçirilməlidir”, - deyə deputat çıxışında vurğulamışdı.
Razi Nurullayev əlavə etmişdi ki, səhiyyə siyasətilə bağlı ictimai dinləmələrin keçirilməsinə də ehtiyac var.
İxtisasca həkim olan siyasətçi Zəlimxan Məmmədli də səhiyyə sahəsindəki strukturların birləşdirilməsinin tərəfdarıdır: “Mən birmənalı şəkildə parallel strukturların birləşdirilməsinin, vahid səhiyyə idarəetmə sistemi inşa edilməsinin tərəfdarıyam. İlk növbədə görəv alan kadr islahatçı olmalıdır. Səlahiyyət bölgüsü qanunla və aydın şəkildə müəyyənləşməli, kadr təyinatlarında sadiqlik yox, peşəkarlıq əsas meyar olmalı, xəstəxana rəhbərləri real maliyyə və kadr bazasına malik olmalıdır”.
Zəlimxan Məmmədlinin sözlərinə görə, indiki durumda isə idarəetmə və məsuliyyətin tənzimlənməsi çox vacibdir: “TƏBİB yalnız xəstəxanaların idarə edilməsi, Səhiyyə Nazirliyi yalnız strateji siyasət, standartlar müəyyən edilməsi, nəzarətlə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi isə pul, paket, tarif məsələlərini həll etməklə məşğul olmalıdır. Qanunla səlahiyyət ayrılığı təmin olunmalı, paralel qərar vermə qadağan olunmalıdır”.
Aytən, Bizimyol.info






