Çin 2027-ci il yanvarın 1-dən etibarən avtomobillərdə gizlənən qapı dəstəklərinin quraşdırılmasını qadağan edəcək.
Bizimyol.info xəbər verir ki, bu barədə ölkənin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi nəqliyyat vasitələrinin təhlükəsizliyi ilə bağlı yeni məcburi tələbləri açıqlayaraq məlumat verib.
Yeni qaydalara əsasən, hər bir avtomobil qapısında həm xarici, həm də daxili dəstək olmalıdır. Qapıların açılması üçün mexaniki açma mexanizmlərindən istifadə məcburi olacaq, elektriklə işləyən dəstəklərə isə yalnız əlavə həll kimi icazə veriləcək. Tələblər eyni zamanda xarici dəstəklərin yerləşmə qaydasını və fövqəladə vəziyyətdə qapının açılmasını təmin edəcək iş prinsipini də müəyyən edir. Daxili qapı dəstəkləri isə aydın görünən olmalıdır.
Nazirlik bildirib ki, yeni avtomobil modelləri 1 yanvar 2027-ci ildən bu normalara tam uyğun olmalıdır. Artıq təsdiqlənmiş modellər isə 1 yanvar 2029-cu ilədək tələblərə uyğunlaşdırılacaq.
Çin gizlənən qapı dəstəkləri dizaynından mərhələli şəkildə imtina edən ilk ölkə olacaq. Bu konstruksiya ilkin olaraq "Tesla" şirkəti tərəfindən hazırlanıb və sonradan Çin avtomobil istehsalçıları arasında geniş yayılıb.
Bu tip qapı dəstəklərinə maraq və tənqidlər Çin hüdudlarından kənarda da artıb. Keçən il ABŞ-ın Yol Hərəkəti Təhlükəsizliyi üzrə Milli Administrasiyası "Tesla Model 3" sedanında fövqəladə hallarda qapıların açılması sistemində nasazlıqlarla bağlı araşdırmaya başlayıb.
Çində tələblərin sərtləşdirilməsinə səbəb olan amillərdən biri də faciəvi hadisələr olub. Ötən ilin oktyabrında dövlət mediası "Xiaomi SU7 Ultra" sedanının sürücüsünün yol qəzası zamanı həlak olması barədə məlumat yayıb. Hadisə şahidləri qapını aça bilmədikləri üçün sürücünü alovlanan avtomobildən çıxara bilməmişdilər.
Qadir, Bizimyol.info






