Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avtomobil bazarında durğunluq var: Ekspertlər ucuzlaşma olduğunu iddia edir
Avtomobil bazarında durğunluq var: Ekspertlər ucuzlaşma olduğunu iddia edir

Ölkəyə gətirilən avtomobillərin sayında kəskin azalma var. Bizimyol.info bununla bağlı məlumat vermişdi. İlin ilk beş ayı ərzində təxminən 40 faiz azalma qeydə alınıb. Keçən ilin eyni dövründə ölkəyə 39 min minik avtomobili gətirilmişdi. Rəqəm 24 min ədədə düşüb.

Ölkə avtomobil bazarının “doymağa” başlaması hiss olunur. Qanunvericilikdəki dəyişikliyə görə 2025-ci ilin sonlarında ölkəyə xeyli avtomobil gətirilmişdi. Amma ilin əvvəlindən satış istənilən səviyyədə deyil. Həmin maşınları satmaq mümkülə çevrilib. Bazarda aşkar sönüklük nəzərə çarpır. Bu halda yeni avtomobil gətirmək ehtiyacı da azalır.

“Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Eyyub Əliyev də oxşar fikirlər demişdi. Onun sözlərinə görə, investorlar daha qısa müddət ərzində gəlir əldə edə bilmirlər. Avtomobillərin satılması üçün çox gözləmək lazım gəlir. Bazar çox zəifləyib.

Ekspertlər həm də ciddi ucuzlaşma olduğunu iddia edirlər. Eyyub Əliyev deyir ki, bazarda bəzən bir neçə gün səbirli olmaq işə yarayır. Eyni avtomobilin qiymətində 10-15 faiz ucuzlaşma görmək mümkün olur.

Avtomobil səhifələrində məsələ müzakirə edilir. Ümumi fikir belədir ki, nə mənzillərin, nə də avtomobillərin qiymətində eniş var. Sadəcə, bazardakı möhtəkirlərin manevr imkanları azalıb. Xüsusilə yeni Çin maşınlarına axın bazara ciddi təsir göstərib. İndi köhnə avtomobilləri xeyli baha qiymətə satmaq olmur. Bir sözlə, manipulyasiya imkanları məhdudlaşıb.

Azərbaycan avtomobil bazarında köhnə maşınların çəkisi hələ də yüksəkdir. Bu həmişə belə davam edə bilməzdi. Bazarda yeni fərqi variantlar peyda olduqca balans da dəyişir. Həqiqətən də, qiymətlərin çox aşağı düşməsi hiss olunmur. Ola bilər ki, bazarda canlanma yoxdur. Avtomobillər daha gec satılmağa başlayıb. Lakin məhz ciddi ucuzlaşmadan danışmaq olmur.

Zaman keçdikcə istismar müddəti yüksək olan avtomobillərin dəbdən düşməsini müşahidə etmək mümkündür. Ölkəyə gətirilən maşınların sayının da belə tezliklə artacağı gözlənilmir. Çünki bazar ciddi durğunluq dövrünə qədəm qoyub.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »