Futbol üzrə Dünya Çempionatında 1/16 final mərhələsinin oyunlarının yarısı keçirilib. Sensasiya sayılacaq nəticələr də qeydə alınıb. Əlbəttə, Mərakeş dörd il əvvəl mundialda çox yaxşı çıxış etmişdi. Buna baxmayaraq, Arikanın ərəb coğrafiyasını təmsil edən kollektivin Niderlandı sıradan çıxarması gözlənilməz nəticə kimi qəbul edilə bilər. Elə Almaniynın Paraqvaya uduzması da sensasiyadır.
Bizimyol.info xəbər verir ki, İngiltərə növbəti sensasiyaya imkan verməyib. Futbolun yaradıcıları Konqo Demokratik Respublikasını çətinliklə məğlub ediblər. İlk hissədə hesabda önə çıxan afrikalılar sərfəli nəticəni qoruya bilməyib. Fasilədən sonra Harri Keyn iki qol vurub.
Dünya Çempionatında Afrika komandalarının sayı xüsusilə çox azalır. 1/16 final mərhələsinin geridə qalan oyunlarında bu qitədən 3 kollektiv mübarizəni dayandırıb. Düzdür, Avropa da bu qədər təmsilçi itirib. Amma nəzərə almaq lazımdır ki, avropalılar bir-birinə çox rəqib olur. Bu mərhələdə Fransa İsveçlə qarşılaşıb. Qarşıdakı günlərdə İspaniya – Avstriya, Portuqaliya – Xorvatiya matçları da olacaq. İş orasındadır ki, İspaniya – Avstriya görüşünün qalibi Fransa ilə qarşılaşmalıdır. Yəni avropalılar bir-birini sıradan çıxarmağa məcburdur.
1/16 final mərhələsində Afrika, Avropa komandalarından başqa, Cənubi Amerikanın və Asiyanın təmsilçiləri də mübarizəni dayandırıb. Belə görünür ki, afrikalılar təmsilçi itiri-itirə gedəcək. Kabo-Verdenin Argentinadan üstün olacağına inanmaq çətindir. Qananın Kolumbiyanı kənarda qoyması da asan olmayacaq. Misir Avstraliyadan, Seneqal Belçikadan, Əlcəzair İsveçrədən üstün oynamalıdır. Bu komandaların hamısı mübarizədən kənarda qalsa, təəccüblənməyək. Amma Afrikanın bu qədər uğursuzluğa uğrayacağı da inandırıcı deyil.
1/8 final mərhələsinin dörd cütünün adına aydınlıq gəlib. İyulun 4-dən başlayaraq ardıcıl Kanada – Mərakeş, Paraqvay – Fransa, Braziliya – Norveç, Meksika – İngiltərə oyunları keçiriləcək. İlk iki qarşılaşmanın qalibləri növbəti mərhələdə rəqib olacaq. Eyni zamanda sonrakı iki oyunun qalibləri də güclünü müəyyənləşdirəcək. Yəni 1/4 final mərhələsində Braziliya – İngiltərə qarşılaşmasının şahidi ola bilərik.
Aytən, Bizimyol.info






