Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Eldəniz Cəfərov: “Gənclərin elektrikli nəqliyyat vasitələrini 18 yaşdan sonra idarə etməsini düzgün hesab etmirəm”
Eldəniz Cəfərov: “Gənclərin elektrikli nəqliyyat vasitələrini 18 yaşdan sonra idarə etməsini düzgün hesab etmirəm”

Monqolustanda 18 yaşdan kiçik şəxslərə moped, elektrikli skuter, elektrikli velosiped və digər oxşar yüngül elektrikli nəqliyyat vasitələrini idarə etməyi qadağan edən qanun dəyişikliyi qüvvəyə minib.

AZƏRTAC Monqolustanın Montsame informasiya agentliyinə istinadla xəbər verir ki, yeni qaydalara əsasən, azyaşlının bu nəqliyyat vasitələrini idarə etdiyi müəyyən olunarsa, onun valideynləri və ya qanuni qəyyumları, eləcə də nəqliyyat vasitəsini təqdim edən və ya icarəyə verən şəxs, müəssisə hüquqi məsuliyyət daşıyacaq.

Monqolustanın Yol və Nəqliyyat Nazirliyi bildirib ki, son iki ildə elektrikli nəqliyyat vasitələrinin iştirakı ilə baş verən qəzaların sayının kəskin artması bu məhdudiyyətlərin tətbiqinə səbəb olub. 2024-cü ildə bu nəqliyyat vasitələri ilə bağlı 532 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 3 nəfər həlak olub.

  • 18 yaşdan kiçik şəxslərin elektrikli nəqliyyat vasitələrini idarə etməsinə yaş məhdudiyyətinin tətbiqinə ehtiyac varmı?

    Əvvəllər məktəblərdə avtomobil idarəetməsi ilə bağlı dərslər keçirilirdi. İndi belə bir praktika varmı?

Bu barədə Bizimyol.info xəbər portalına danışan nəqliyyat məsələləri üzrə eksperti Eldəniz Cəfərov bildirib: “Hər ölkənin öz xüsusiyyətinə görə qaydalar var. Mən istəməzdim ki, özümüzü Asiya ölkələri ilə - Monqolustanla müqayisə edək. Yaxşı olardı ki, özümüzü daim ən inkişaf etmiş ölkələrlə müqayisə edək, onlardakı qaydaları ölkəmizdə tətbiq edək. Bizdə belə bir məhdudiyyətin tətbiqinin tərəfdarı deyiləm. Yəni gənclərin elektrikli nəqliyyat vasitələrini yalnız 18 yaşdan sonra idarə etməsini düzgün yanaşma hesab etmirəm”.

Eldəniz Cəfərov vurğulayıb: “Əvvəllər bəli, məktəblərdə avtomobil idarəetməsi ilə bağlı və yol hərəkəti qaydaları yüksək səviyyədə aşılanırdı. Amma çox təəssüf ki, son dövrlərdə bunu müşahidə etmirik. Hətta yol hərəkəti qaydaları demək olar ki, məktəblərdə öyrədilmir, tədris olunmur. Bu dərslərin olması daha yaxşı olardı. Bunun da öz təsiri var. Yol hərəkəti qaydalarını bilən gənc, yeniyetmə vətəndaş gələcək həyatda da yolda daha ehtiyatlı davranır”.

Eldəniz Cəfərov əlavə edib: “Bu qəzaların sayını azaltmaq istiqamətində ölkəmizdə artıq müəyyən tədbirlər görülüb. “Yol hərəkəti haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi mütəmadi olaraq bununla bağlı maarifləndirmə işləri aparır. Eyni zamanda Baş Dövlət Yol Polisi İdarəsinin də davamlı maarifləndirmə tədbirləri keçirdiyinin şahidi oluruq. Birbaşa olaraq yollarda da praktiki maarifləndirmə işləri həyata keçirilir”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »